Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür.
Yenicag.Az-ın məlumatına görə, 1945-ci il avqustun 6-sı saat 08:15-də ABŞ hərbi aviasiyasına məxsus təyyarədən Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb.
O dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və ən güclü hərbi bazaların yerləşdiyi Xirosima şəhərinin yarısı atom bombasının zərbəsindən tamamilə məhv olub. Nəticədə 70 min nəfər ölüb, 140 min nəfər yaralanıb, 100 mindən artıq adam radiasiya şüalanmasına məruz qalıb. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minlərlədir.
Bundan 3 gün sonra – avqustun 9-u ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə «Fat Man» adlı Plqtonium-239 tipli atom bombasını atıb.
Bu gün Xirosima sakinləri “Sülh Parkında” toplaşaraq, bombanın atıldığı vaxtda bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.
Tədbirdə Yaponiyanın baş naziri Sindzo Abe, Xirosimanın meri Kadzumi Matsui və digər rəsmi şəxslər, ABŞ da daxil olmaqla 80-dən çox ölkənin diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.