!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xızı-Abşeron” KES-nin pərləri Bakıya gətirildi

!Reklam – Yazi

“ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının pərləri Bakıya gətirilib.

Yenicag.az xəbər verir ki, ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir və 2025-ci ildə istismara verilməsi gözlənilir.

Hazırda turbinlərin komponentlərinin bir qismi Bakı şəhərinə çatdırılıb. Hər birinin gücü 6,5 meqavat olan 4 ədəd turbinə aid 12 ədəd pər qanadı hazırda Bakıdadır. Digər turbinlərin komponentləri qrafikə uyğun olaraq gətirilir. Quraşdırma Abşeron ərazisində başlayacaq və ilk 8 turbin bu sahədə quraşdırılacaq.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev bildirib ki, stansiya iki məkanda – Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbini optimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək: “Abşeronda 12 külək turbinindən ibarət olan bu hissə 78 meqavat gücündədir. Xızıdakı 25 külək turbinindən ibarət olan hissənin ümumi gücü isə 162 meqavatdır. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək”.

Ümumi gücü 240 meqavat olan stansiyanın tikintisi ölkəmizdə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi üçün əhəmiyyətli layihədir. Azərbaycanın yaşıl enerji keçidini dəstəkləyən bu stansiya “ACWA Power” şirkətinin ölkəmizdəki ilk layihəsidir.

İlkin hesablamalara görə, stansiya tərəfindən istehsal olunacaq illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 300 milyon dollardan çoxdur və tam olaraq xarici investisiya hesabına həyata keçirilir.

“ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Mehmet Səlim Güven bildirib ki, şirkətin Azərbaycanda həyata keçirmək istədiyi bir sıra layihələri var: “Azərbaycanda reallaşdırılacaq bir çox layihə ilə maraqlanırıq. Bunlara enerji saxlama layihəsi də aiddir. Bundan əlavə, Xəzər dənizində offshore layihələri də diqqətimizdədir. Həmçinin dəniz suyunun duzsuzlaşdırılması və bir neçə Günəş Elektrik Stansiyası layihələri də bura daxildir. Bunların hər biri və bərpaolunan enerji layihələri ilə bağlı bütün layihələr bizim marağımızdadır. Xəzər dənizinin böyük külək enerji potensialı var. Təbii ki, bunlar asan layihələr deyil. Biz bütün layihələri izləyirik və belə layihələrdə iştirak etmək istəyirik. Bütün bunlarla bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparılır”.

Stansiyanın təqribi illik enerji istehsalı Abşeronda 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox nəzərdə tutulur.

Qeyd edək ki, Abşeronda küləyin orta illik sürəti 9,35 m/s, Xızıda isə 9,63 m/s təşkil edir.

Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Qeyd edilən orta illik külək sürəti turbinlərin səmərəli fəaliyyət göstərməsi üçün kifayət qədər yüksəkdir və layihənin enerji istehsalında dayanıqlılığı təmin edəcək. 36 hektar ərazidə yerləşəcək külək stansiyası Azərbaycanda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, elektrik istehsalında bərpaolunan enerji mənbələrinin payını artıracaq.

COP29

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv