“Vaxtaşırı teatrımızın repertuarında Xocalı mövzusuna həsr olunmuş tamaşalar təqdim olunub, var və yenə də olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov deyib.
Rejissor Xocalı soyqırımına həsr olunmuş tamaşalarla bağlı fikirlərini bölüşüb:
“1997-ci ildə Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi ilə bağlı “4-cü təcavüz olmayacaq” adlı tamaşa hazırlanb. Həmin tamaşanı quruluşçu rejissoru Xalq artisti Ağakişi Kazımov idi və teatrın bütün kollektivi həmin tamaşada oynayıb. Mən də həmin vaxt gənc aktyor idim və tamaşada rol almışdım. Çingiz Mustafayevin gənclik illərinin obrazı mənə həvalə olunmuşdu. Uzun müddət o tamaşa teatrın repertuarında qaldı”.
“Xocalı soyqırımı ilə bağlı 2000-ci illərin əvvəllərində Filarmoniyada Mədəniyyət Nazirliyinin layihəsi olan bir kompozisiya hazırlamışdım. Həmin kompozisiya ilə bir neçə bölgədə də iştirak etdik. Hazırda teatrımızın repertuarında “Balaca kişilər”, “Yarımçıq qalmış” və digər tamaşalar var. Vaxtaşırı teatrımızın repertuarında bu mövzuda tamaşalar təqdim olunub, var və yenə də təqdim ediləcək. Əgər Xocalı soyqırımı haqqında maraqlı dram əsərləri yazılsa, elə tamaşalar teatrımızda hər zaman oynanılacaq”, – deyə o, söyləyib.
Cəvahir