Fevral ayının 18-də Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən “RUKEM – Rus Mədəniyyət və Tədris Mərkəzində” Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub.
Bu haqda saytımıza tədbirin təşəbbüsçüsü və məruzəçisi tarixçi Ph.D Cavid Mövsümlü bildirib.
“RUKEM”-in təşkilatçılığı ilə gerçəkləşən “Xocalı Soyqırımının” anma proqramında Ankarada yaşayan fərqli ölkələrin rusdilli nümayəndələri iştirak ediblər. Anma proqramı, gələn qonaqların rusdilli olduğu nəzərə alınaraq, rus dilində aparılmışdır.
Tədbirin məruzəçisi, azərbaycanlı tarixçi Cavid Mövsümlü Azərbaycan tarixi, Qarabağ münaqişəsi və Xocalı Soyqırımı mövzularında qonaqlar üçün çıxış edib. O öz çıxışının sonunda dost ölkələrdən olan qonaqlara, xüsusilə rusiyalılara azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adından təşəkkür edib.
O sözlərinə əlavə edərək bildirib ki, “Azərbaycanlıların bu soyqırımı dünyaya düzgün şəkildə çatdırmaqda məqsədləri, bu faciədən dünya ictimaiyyətinin dərs götürərək, insanlıqdan kənar belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısını almaqdır”.
Öz növbəsində “Rus Mədəniyyət və Tədris Mərkəzinin” sədri Karina İkayeva-Düzçəmən də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, “bəşəriyyət hər zaman haqqın və ədalətin yanında olmalıdır, biz də bu nöqteyi-nəzərdən Azərbaycanlılara qarşı edilmiş haqsızlıqlara son verilməsini arzu edirik”. Tədbir sonunda qonaqları maraqlandıran suallara cavab verilib və xatirə şəkilləri çəkilib.
Yeniçağ.az