Xocalı soyqırımının ildönümü ilə bağlı hazırlıqlar yekunlaşıb – FOTO

Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksini soyqırımın ildönümü ilə əlaqədar yüz minlərlə insan ziyarət edir. 

Yenicag.az xəbər verir ki, soyqırımın 32-ci ildönümü ilə bağlı abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda aparılan abadlaşma işləri yekunlaşıb.

Görülən işlər çərçivəsində Xocalı prospektində abadlıq, təmizlik işləri həyata keçirilib və yeni ağac və gül kolları əkilib. Parkın ərazisinin 15 000 kv metr-dən artıq qazon örtüyü yenilənib, bütün park boyu xusisi dizaynla 30 000-dən artıq mövsümi güllər əkilib, yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri aparılıb,  işıq sistemləri yoxlanılıb və çatışmazlıqlar aradan qaldırılıb,  günlüklər, skamyalar və parkı əhatə edən məhəccərlər təmir olunub və rənglənib. Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Prospektdə, eləcə də Yusif Səfərov küçəsində gül kolları əkilib, həmçinin rəngarəng  çiçəklər əkilmiş dekorativ dibçəklər yerləşdirilib.

Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. Sonralar isə həm abidə kompleksin özündə, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu işlər çərçivəsində abidənin postamenti hündürləşdirilib, “Ana fəryadı” heykəlinin mövzusu saxlanılmaqla forması yenilənib. Faciə zamanı qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub. Park-xiyaban və abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təchiz olunub. Günlüklər, oturacaqlar quraşdırılıb.

İnsanların həm abidəni ziyarət etməsi, həm də parkda istirahət etməsi ilə əlaqədar olaraq, parkdakı səliqə-sahman  ilboyu diqqətdə saxlanılır.

“Ana fəryadı” abidəsinin ətrafında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb.

COP29