“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasına start verildi – FOTO

Bu gün İstanbulda Xocalı Soyqırımının anım günü ilə əlaqədar “Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirilir.

Yenicag.az xəbər verir ki, İstanbul Universitetində baş tutan Kampaniya üç dildə (ingilis, türk və rus), əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılır. Xocalı Soyqırımının 27-cu ildönümündə həyata keçirilən kampaniyanın əsas məqsədi başda “Twitter” olmaqla, bütün sosial şəbəkələrdə bu günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş könüllülər gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün çalışacaqlar.

Kampaniyanın təşkilatçılarından olan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər açılışdan əvvəl Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, bu sosial media kampaniyasının hədəfi Xocalı Soyqırımını Türkiyə ilə yanaşı bütün dünyada gündəm etməkdir.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə keçiriləcək “Xocalı üçün paylaş” Sosial Media Kampaniyasına təşkilatı dəstəyi “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verir. Layihənin koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadədir.