Xocalı soyqırımında həlak olan yeddi nəfərin qalıqları 31 il sonra elə Xocalı şəhərində dəfn ediləcək.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəqiqələrdə Bərdə şəhərində soyqırım qurbanları ilə vida mərasimi keçirilir.
Mərasimdə mərhumların yaxınları, ictimaiyyət nümayəndələri və çoxsaylı media nümayəndələri iştirak edir.
Son olaraq Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı tapılan insan qalıqlarından 9 nəfərin kimliyi müəyyən edilib.
Bunlar-Əliyev Ağaəli Naib oğlu, Əliyeva Sürəyya Behbud qızı, Mahmudov Akif Seydulla oğlu, Səlimov Xəzər Səyavuş oğlu, Səlimova Tamilla Ağamirzə qızı, Cavadov Əli Müsül oğlu, İsmayılov İsmayıl Bəhman oğlu, Məhərrəmova Bəsirə Vəli qızı və Nəcəfov Şiraslan Məmiş oğludur.
Onlardan biri-Akif Mahmudov dörd gün əvvəl yaxınlarının istəyi ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dəfn edilib.
Vida mərasimindən sonra soyqırımı qurbanlarının qalıqları Xocalı şəhərində yeni salınmış Şəhidlər Xiyabanında torpağa tapşırılacaqlar.