Millət vəkili Q. Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib.
Yenicag.az xəbər verir ki, yüzlərlə insanın, rəsmi şəxslərin, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili, siyasi elmlər doktoru Q. Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cemil Demir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək, Xocalı soyqırımı barədə məlumatlar verərək, həqiqətlərin dünyaya daha geniş yayılmasında birliyin önəmini xüsusi vurğulayıblar. Məruzəsində türk dünyası problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğulayan millət vəkili Q. Paşayeva tədbir təşkilatçılarına Qarabağa, Xocalı soyqırımına göstərdikləri həssaslığa görə təşəkkürünü bildirib.
Millət vəkili Xocalı Soyqırımı barəsində geniş məlumat verdikdən sonra, həmin qanlı gecədə valideynlərini itirən uşaqlar və onların yaşadıqları acılardan söz açaraq, insanlıq əleyhinə cinayət törədənlərin ədalət qarşısında cavab verməsi üçün etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq hamının “Xocalıya ədalət”, deyənlərin yanında olmalarını xüsusi vurğulayıb.
“Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandı. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq, ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın “insan haqları” deyərək, bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.
Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağıran Paşayeva qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılması işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gənclərə sosial mediada daha da aktiv olmağı, dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığı artırmağı, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili çıxışını “inşallah, gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək, bitirib.
Şanlıurfa Türk Ocaqlarının rəhbəri Cemil Demir və Şanlıurfa bələdiyyəsinin rəsmiləri çıxış edərək, millət vəkili Q. Paşayevaya keçirtdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər. Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu”, “Aşk yolçusu” və həmmüəllifi olduğu “Qarabağ hikayeleri” kitabını şəxsi imzası ilə hədiyyə edib. Konfransdan sonra millət vəkili Q. Paşayeva Şanlıurfanın yerli QHT, KİV rəhbərləri, qadın və gənclər təşkilatları rəhbərləri ilə görüşüb, geniş fikir mübadiləsi olub. Q. Paşayeva həmçinin, yerli KİV-lərə Azərbaycan, Qarabağ, həqiqətləri və Xocalı soyqırımı ilə bağlı geniş müsahibələr verib.
Millət vəkili Q. Paşayevanın konfransda çıxış videosunun linkini buradan izləyə bilərsiniz.