Xoş gəlişlər ola… – Aygün Muradxanlı yazır

Ötən gün Türkiyənin müdafiə naziri Hülusu Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu genreralı Yaşar Gülər Türkiyə ordusunun yüksək rütbəli geniş zabit heyətilə bərabər Azərbaycana gəliblər. Rəsmi xəbərlərdə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin birgə döyüş atışı taktiki və taktiki uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində təlimlərinin birinci mərhələsini son epizodunu izləyəcəklər.

Göründüyü kimi, bu dəfə Türkiyə şahinləri Azərbaycan səmalarında sadəcə iki ölkəni bir-birinə bağlayan ürək, bayraq “şəkli çəkməyə” gəlməyiblər, söhbət düşmənə yüksək döyüş qabiliyyətinin göstərilməsindən gedir. O düşmənə ki, Azərbaycan ərazilərinə Qarabağdan deyil, Ermənistan-Azərbaycan sərhəddindən hücum edərək 30 illik işğalının sonunu başladıb.

Ötən həftə iki qardaş ölkənin ordularının birgə təlimləri üçün Azərbaycana gələn Türkiyə şahinlərinin İrəvanın 56 kilometrliyinə qədər yaxınlaşması artıq İrəvana da, Moskvaya da təlimlərin sadəcə orduların döyüş qabiliyyətini yüksəltmək üçün olmadığını, işğal edilən torpaqların azad edilməsi üçün birgə addımlara hazırlıq xarakteri daşıdığını göstərmişdi. Deyəsən, bu aralar sübutlar çox olacaq…

Azərbaycan cəmiyyətinin özəlliklə milliyətçi kəsimi illərdir iki ölkə arasında hərbi işbirliyinin ən yüksək mərhələyə çatdırılması, Türkiyənin Azərbaycanda hərbi baza qurmasını fikrini müdafiə edir. Bu münasibətlərin konfederasiya yaradılmasına qədər dərinləşməsi tərəfdarlarının da sayı getdikcə çoxalmaqdadır. Elə bu səbəbdəndir ki, 11 minlik Türkiyə SQ heyətinin Azərbaycana gəlişi böyük coşğu ilə qarşılanıb və ölkənin köhnə bağlarının birdəfəlik qırılmasının tərəfdarı olan hər kəs Türkiyə Ordusunun Azərbaycanda birdəfəlik qalmasını arzulayır.

Real durumun təhlili onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birliyinin uzun və nəticəsiz sülh təşəbbüsləri ilə deyil, real hərbi dəstəyə arxalanaraq güc yolu ilə xilas etmək mümkündür. İki ölkə arasında bir zamanlar sadəcə milliyətçi cameənin müdafiə etdiyi fikirlərin bu gün siyasətin də gündəmini ələ alması hərbi işbirliyinin dərinləşməsi üzrə qəti qərarların zamanının çatdığı gerçəyini ortaya çıxarıb.

Hülusi Paşa və Yaşar Paşadan cəmi 2 gün öncə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ankaradaydı. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşdə konkret hansı qərarların müzakirə edildiyi bəlli olmasa da cəmi bir neçə saat sonra Türkiyə Silahlı Qüvvələrinin ən yüksək heyətlə geniş tərkibdə Azərbaycana gəlməsi yaxın günlərdə böyük gözləntilərin doğrulacağı ümidlərini artırıb.

1918-ci ildən sonra ilk dəfə Azərbaycan və Türkiyə (1918-ci ildə Osmanlı) arasında hərbi əməkdaşlıq bu qədər yüksək mərhələyə qədəm qoyub. Ərazisindən və sərhədlərində yaradılan təhdidləri hərbi qüdrəti ilə dəf etməyi başaran Türkiyə indi sadəcə birbaşa təhlükə gözlədiyi bölgələri deyil, bütün regionu nəzarəti altına almağa hazırlaşır. Tarix sübut edir ki, bu yalnız bir dövlətin istiqrarı və yüksəlişi üçün deyil, bölgənin təhlükəsizliyi və sabitliyi üçün atılan addımdır.

Azərbaycan öz torpaqlarını azad etmək üçün indiyə qədər sülh prosesinə sadiq qalıb. Ermənistan, eləcə də ATƏT-in Minsk Qrupunun sözdə Qarabağ savaşının bitməsinə çalışan həmsədr ölkəsi Rusiya isə sülh missiyasından uzaq olduqlarını dəfələrlə sübut ediblər. Tovuz döyüşlərindən sonra Rusiyadan Ermənistana böyük miqdarda silah-sursat verilməsi düşmənin hər zaman tətikdə olduğunu, hər an hücuma keçə biləcəyindən xəbər verir. Azərbaycan prezidentin İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bugünkü telefon danışığında regiona böyük miqdarda silah-sursatın gəlişindən rahatçızlığını açıq ifadə etməsinə də bu kontekstdə dəyərləndirmək gərəkdir.

Ölkəmiz üçün gərgin məqamda Türkiyənin Azərbaycanın yanında olması Türkiyə Cümhuriyyətinin strateji məqsədlərinə uyğun addım olmaqla yanaşı, həm də tarixi gələnəyin davamıdır. Sarıqamışda biz bir millət kimi vuruşmuşuq, 1918-ci ildə Naxçıvandan Bakıya, Lənkarandan Qubaya qədər bir döyüşmüşük. Artıq Rusiya İmperiyası tərəfində işğal olunsa da Qurtuluş Savaşında malı və canı ilə Türkiyə Cümhuriyyətinin yardımına gedən birinci ölkə Azərbaycan olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yenidən yaradılan ordusunun qurulmasında Türkiyə Silahlı Qüvvələrinin zabitləri iştirak edib, 1992-93-cü illərdə Qarabağda, Ermənistan-Azərbaycan sərhəddində aktiv hərbi əməliyyatlar baş verən zaman Türkiyə SQ-nin zabitləri ilə yanaşı, milliyətçi-ülkücü cameənin yüzlərlə üzvü bizimlə çiyin-çiyinə döyüşüb.

Ordularımıza yeni, birgə qələbə tarixləri yamaq qismət olsun.

Bölgənin sabitliyi və dövlətlərimizin yüksəlişi naminə xoş gəlişlər ola, paşalar!

Aygün Muradxanlı