İllərin üstünə bir il də gəldi,
Zirvədə qar üstə qonan qar kimi.
İnsan olmasaydım, çiçəkləyərdim,
Hər bahar fəslində ağaclar kimi…
Hərdən istəyirəm bir xata yapam,
Gizlədəm yaşımı gözəl görəndə.
Hərdən axtarıram özümü tapam,
Payız bağlarında xəzəl görəndə…
Şair var, şeirlərindən çox özü görünür. Baxırsan, bircə misrası belə yadda qalmayıb, amma gecə-gündüz efirlərdən, ekranlardan düşmür, necə deyərlər, “harada aş, orada başdır”.
Qalaq-qalaq kitabları çap olunub, amma elə qəttəzə də qalıb, bir səhifəsini də çevirib oxuyan yoxdur. Belələrinə “kağız oğrusu” deyərdim. Şair də var, özündən çox sözü görünür. O da belələrindəndir – özünü gözə soxanlardan yox, sözə dəyər verib, hər misrasına sığal çəkib oxşayanlardan, həm də ovsunlayanlardan.
Xalq şairi, həm də xalqın sevilən şairi, ruhundan süzülən bənzərsiz misraları ilə təşnə könüllərə su səpən, şeirləri birnəfəsə oxunan Vahid Əzizi təsadüfən xatırlamadım.
Yaşlanmaqdan heç qorxmayan, amma gözəlləri görəndə “yaşını gizlətməyə” çalışan, “şair şorgöz olmur, gözəlbaz olur”, deyib özünü gözəllərə sevdirən şairin bu gün doğum günüdür.
Şeirlərinə saysız-hesabsız mahnılar bəstələnib… “Bayatılar” və digər şeirlərinə bəstələnən əksər mahnılar tək Azərbaycanda deyil, dünyada məşhurdur. Doğrusu, Vahid Əziz poeziyasının can verdiyi musiqilərdən ibarət albom tərtib etmək şairin doğum gününə gözəl bir hədiyyə olardı…
44 günlük Vətən savaşı, qazandığımız böyük zəfər Vahid Əzizin poeziyasında yeni bir mərhələ oldu.
“Ordu zəfər çaldı son həmləsiylə,
Vətən Qələbəyə açdı qoynunu,
Kimi – qələmiylə, kimi – səsiylə,
Kimi – müjdəsiylə gətirdi onu”
deyib qürurlanan şairin təbi dağ şəlaləsi kimi kükrəyib coşdu, yeni-yeni şeirlər doğuldu.
Səbəbkar özəl günündə təəssüratlarını da Yenicag.az-la bölüşdü:
«Xoşbəxt insanam ki, 78-in kürəyini yerə qoydum. Xoşbəxtəm və qürurluyam ki, zəfər çalmış qalib ölkənin şairiyəm, Allah müzəffər Ali Baş Komandanımızı, Ordumuzu qorusun. Çoxsaylı təbriklərə və sonsuz sevgiyə görə hər kəsə minnətdaram”.
Yaşlanmaq həm də yaşamaq deməkdir. Rəqəmin neçə olmasına rəğmən, həmişə ruhunuz cavan, təbiniz rəvan, şux və şövqlü olsun, ilhamınız hər zaman coşub-çağlasın, Vahid Əziz.
Cəvahir