“Xalq Sığorta” vətəndaşa dəymiş ziyanı ödəmək istəmir.
Bu barədə şikayətçi Samir Rzayev Yenicag.az-a məlumat verib.
Samir Rzayev bildirib ki, 21 may 2022-ci ildə yol kənarında dayandığı zaman avtomobili vurulub, ancaq “Xalq Sığorta” şirkətindən pulunu ala bilmir.
Onun sözlərinə görə, bu ilin may ayının 21-də özünə məxsus 99 PD 438 nömrə nişanlı avtomobili 99 EN 581 nömrə nişanlı “Mercedess” markalı avtobil tərəfindən vurulub. Hadisə yerinə sığorta şirkəti dəvət olunub və yerində baxış keçirilib. Maşının şəkilləri çəkilib.
Bir müddət sonra “Xalq Sığorta” avtomobilə dəymiş ziyanı 320 manat müəyyənləşdirib. Lakin S.Rzayev bu məbləğə etiraz edib, şirkətdən avtomobilinin yeni olduğunu əsas gətirərək dəymiş ziyanın daha çox olduğunu və düzgün qərar verilməsini tələb edib:
“Mənim maşınım 2019-cu il buraxılışıdır, yeni maşındır. Dəymiş ziyan da böyükdür və sığortanın ayırdığı 320 manat bu avtomobilin əvvəlki vəziyyətə qaytarılması üçün çox azdır. Uzun illər mən də sığorta sahəsində çalışmışam və 7 il filial müdiri işləmişəm. Sığortanın necə hesablanmalı olduğunu da yaxşı başa düşürəm. Odur ki, bu gün mənim avtomobilimə dəymiş ziyanın nə qədər olduğunu da yaxşı bilirəm. 320 manata bu avtomobili təmir etdirmək mümkün deyil”.
S.Rzayevin sözlərinə görə, “Xalq Sığorta” şirkətində vətəndaşlarla kobur rəftar edilir və onlar aşağılanır:
“Sığorta şirkətinə gedərək məbləğin niyə bu qədər yazıldığını öyrənməyə çalışdım. Azər adlı əməkdaşdan soruşuram ki, mən rəsmi cavab istəyirəm. Aşağılayıcı şəkildə cavab verərək, “Mən sənə rəsmi cavab verə bilmərəm”, – deməklə kifayətləndi. Yenidən ekspetlərin baxış keçirməsini tələb etdim. Yenə heç bir cavab verilmədi. Rəsmi müraciət etdim, yenə heç bir cavab olmadı. Birmənalı olaraq vətəndaşları bu şirkətdə ələ salırlar, bezdirirlər və süründürürlər.
Təsəvvür edirsinizmi ki, avtomobilin sığortasının bitməsinə 1 həftə qalmış bu şirkətin əməkdaşları sığortanı onlardan keçirmək üçün dil tökürlərsə, qəza zamanı dəymiş ziyanı ödəməkdən və düzgün hesablamaqdan imtina edirlər. O zaman bu kimi şirkətə necə inanmaq və etibar etmək olar?”.
S.Rzayev qeyd edir ki, rəsmi cavab aldıqdan sonra şirkətin qərarından Məhkəməyə müraciət edəcək:
“Məhkəməyə müraciət etmək üçün hazırda rəsmi cavab verilmir. Amma bu cavabı alacam və məhkəməyə verəcəm. Mənim avtomobilimə dəymiş ziyan düzgün hesablanmadıqca məhkəmələrdən çıxmayacam. Çünki bu şirkətlərə güvənərək sığortalanırıq və pul ödəyirik. Bu haqsızlıqlara son qoyulmalıdır və “Xalq Sığorta” mənə dəymiş ziyanı son qəpiyinə kimi ödəməlidir”.
Qeyd edək ki, “Xalq Sığorta” Şirkətinin Direktorlar Şurasının sədri Asim Məmmədlidir.
Qarşı tərəfin münasibətini də işıqlandırmağa hazırıq.