Xusan Ermatov: “Azərbaycanlılar özbək xalqına dərin hörmətlə yanaşır” – VİDEO

“Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı dostluq əlaqələri yalnız dövlətlər arasında deyil, həm də xalqlar arasında güvən və dostluq münasibətlərini möhkəmləndirir”.

Bunu Yenicag.az-a videomüsahibəsində Özbəkistan İttifaqları Federasiyasının sədr müavini, “Vətən” qəzetinin baş redaktoru, Özbəkistan Dövlət Ali Məclisinin Senatının üzvü Xusan Ermatov deyib.

“Bu ilin noyabr ayında Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyası çərçivəsində, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Bakıdakı konfrans zamanı “Şavkat Mirziyoyev – Fenomen” adlı kitab hədiyyə edilib. Kitab Özbəkistan Prezidentinin seçilmiş əsərlərindən ibarət bir toplusudur və özbək dilindən Azərbaycan dilinə tərcümə edilib. Tərcüməçi Akif Azalp həm Özbəkistanda, həm də Azərbaycanda tanınmış şair və tərcüməçi olaraq bu mühüm layihəyə imza atıb”.

Onun sözlərinə görə, kitabın təqdimatı 18 dekabrda Azərbaycan Milli Kitabxanasında keçiriləcək və tədbirdə, Özbəkistan Senatının bir neçə üzvü, Yazıçılar Birliyinin üzvləri, jurnalistlər, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edəcək.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndəsi kimi artıq dördüncü dəfədir ki, Bakıya gələn Xusan Ermatov öz təəssüratlarını da bölüşüb:

“Biz bir dəfə Füzuli şəhərinə getdik, ikinci dəfə isə Gəncə şəhərinə səfər etdik. Bu gün sizin qələbədən sonra hiss etdiyiniz sevinc və qüruru biz də dərindən duyuruq. Tarixinizdəki bu çətin dövrdən sonra əldə edilən birlik və həmrəylik, düşünürəm ki, gələcək planlarınızı və gücünüzü daha da möhkəmləndirəcək. Sizin gəncləriniz məni həmişə sevindirir, çünki sizdə vətənpərvərlik digər xalqlardan daha yüksək səviyyədədir”.

Qeyd edək ki, Özbəkistan nümayəndə heyəti azərbaycanlı həmkarları ilə bir sıra görüşlər keçirərək təcrübə mübadiləsi edib. Nümayəndə heyəti dünən “Yeni Çağ” Media Qrupunun redaksiyasını da ziyarət edərək, komandanın əməkdaşları ilə tanış olublar. Nümayəndə heyətinin üzvləri Azərbaycan mediasında mövcud olan konvergent yaradıcı mühiti yüksək qiymətləndiriblər. Bu mühitin iki ölkə arasında mədəniyyət və informasiya sahələrində qarşılıqlı anlayış və dəstəyi gücləndirəcəyinə inandıqlarını bildiriblər.

Xusan Ermatov həmçinin Azərbaycan və Özbəkistan arasında qarşılıqlı dostluq və qardaşlıq əlaqələrinin vacibliyini vurğulayıb. O, əlavə edib ki, Özbəkistan və Azərbaycan Prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı dostluq əlaqələri yalnız dövlətlər arasında deyil, həm də xalqlar arasında güvən və dostluq münasibətlərini möhkəmləndirir. Bu əlaqələrin, hər iki ölkənin sabitliyi və inkişafı üçün mühüm rol oynadığı, eyni zamanda, regionda əməkdaşlığın daha da möhkəmlənməsinə gətirib çıxaracağı bildirilib.

Məsimə Məmmədova