Xüsusi səfir: “İqlim maliyyəsi fondunun vəsait həcmi müzakirə ediləcək”

Bu gün biz COP29-a maliyyə məsələsini müzakirə etmək üçün toplaşmışıq. Azərbaycan COP29-a sədrliyi ilə bütün tərəflərin müzakirə aparması və uğurlu nəticə əldə etməsi üçün ümumi bir məkan yaradıb. Biz iqlim dəyişikliyi ilə bağlı hər kəslə dialoqa başlamağa tam hazırıq.

Bunu APA-ya açıqlamasında İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi səfiri Fransesko Korvaro deyib.

O, iqlim maliyyəsi sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) üzrə yeni qərar əldə etməyi gözlədiklərini bildirib:

“NCQG yeni bir hədəfdir və iqlim məsələsini maliyyələşdirməyi hədəfləyir. İqlim maliyyəsi fonduna nə qədər vəsaitin daxil edilməsini müzakirə edəcəyik. Maliyyənin həcmini müzakirə edəcəyik. Bizim həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrlə çoxlu müzakirələrimiz var. Bilirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 1 trilyon ABŞ dollarından çox vəsait lazımdır. Buna görə də danışıqlar çoxşaxəli və mürəkkəbdir. Özəl sektoru bura cəlb etmək lazımdır. Düşünmək lazım deyil ki, təkcə dövlətlər bu qədər həcmdə vəsaiti təmin edəcəklər. Hazırda iqlim problemləri barədə danışıqlar aparılır. Konkret nəsə demək çətindir. İtaliya və Avropa İttifaqı bu iqtiqamətdə ambisiyaları artırmağı hədəfləyir. COP hərtərəfli bir sazişdir. Biz ümumi bir dil tapmalı və ortaq bir ideya formalaşdırmalıyıq”, – deyə italiyalı qonaq əlavə edib.

COP29