“Ya nüvə silahı, ya da NATO-ya üzvlük” – Zelenskinin “qələbə planı”nda nələr var?

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla ünsiyyətdə Kiyevin nüvə silahından imtina etdiyini xatırladaraq, Ukraynanın NATO-ya üzv olmasının vacibliyini müzakirə etdiyini bildirib.

Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, Zelenski bu barədə cümə axşamı Avropa Şurasının iclasında iştirakdan sonra “qələbə planı”nı təqdim etdikdən sonra mətbuat konfransında danışıb.

Zelenski Budapeşt Memorandumunu nüvə silahından imtina etmiş Ukraynanı qoruya bilməyən səmərəsiz saziş kimi xatırladıb.

“Bu nüvə dövlətlərindən hansı indiyə qədər əziyyət çəkdi? Hamısı? Yox, əziyyət çəkən bir Ukraynadır. Kim nüvə silahından imtina etdi? Hamısı? Yox, sadəcə Ukrayna. Bəs bu gün cəbhədə kim döyüşür? Yenə də Ukrayna.

Donald Trampla söhbətdə mən ona dedim: “Belə çıxır ki, ya Ukraynanın nüvə silahı olacaq, ya da bizim bir növ ittifaqımız olmalıdır. Biz isə bu gün NATO-dan daha effektiv ittifaqları bilmirik”, – deyə o bildirib.

Zelenski əlavə edib ki, NATO ölkələri bu gün müharibə vəziyyətində deyil, bu səbəbdən, Ukrayna nüvə silahından çox NATO-nu seçir.

“İnanıram ki, Donald Tramp məni eşitdi. O, mənə söylədi ki, bizim ədalətli arqumentlərimiz var”, – Zelenski söyləyib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Kiyevin tərəfdaşları onun “qələbə planını” dəstəkləməsələr, bu, Rusiya üçün imtiyaz və böyük səhv olacaq. Zelenskinin sözlərinə görə, Avropa İttifaqının sammitində 18 lider onun “qələbə planını” şərh edib və əksəriyyəti bunu dəstəkləyib.

Rafi Müslümov

COP29