“Zeytun budağı” əməliyyatı bütün detalların nəzərə alındığı mükəmməl hərbi plandır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında davam etdirdiyi “Zeytun budağı” əməliyyatını hərbi aspektdən dəyərləndirən polkovnik Şair Ramaldanov deyib.
Polkovnikin fikrincə, Türkiyənin hərbi komandanlığı və şəxsi heyət “Zeytun budağı” əməliyyatının gedişində yüksək peşəkarlıq nümayiş etdirir:
“Türkiyə ordusunun və ümumiyyətlə, qardaş ölkənin hərbi-sənaye kompleksinin son illərdə müşahidə olunan sürətli inkişafı bütün dünyada etiraf edilməkdədir. O baxımdan, Türkiyənin Suriyanın şimalında beynəlxalq dəstəyə malik terrorçu qruplaşmalara qarşı başladığı “Zeytun budağı” əməliyyatı bu potensialın əks olunduğu hərbi aksiyadır. Təbii ki, ordunun və silah sənayesinin inkişafı Türkiyədə bütövlükdə müasir hərb elminin hansı yüksək səviyyəyə yetişdiyini təsəvvür etməyə imkan verir.
Buna görə də, Türkiyə hərbçilərinin bir neçə gün ərzində çox mürəkkəb relyefdə 17 kilometr irəliləməsi “Zeytun budağı” əməliyyatının bütün detalların nəzərə alındığı mükəmməl hərbi plan olduğunu təsdiqləyir. Mən əməliyyatın aparıldığı Afrin bölgəsinin yerləşdiyi təbii şəraitin kəskinliyini təsadüfən vurğulamadım. O cür coğrafi şəraitdə qeyri-nizami terrorçu qruplaşmalara qarşı əməliyyat keçirmək son dərəcə çətindir. Ancaq komandanlığın və əməliyyata cəlb olunmuş şəxsi heyətin yüksək peşəkarlığı bu çətinlikləri dəf etməyə imkan verir. Ümumiyyətlə, hərbi fəaliyyətim dövründə qardaş Türkiyənin yüksək çinli hərbçiləri ilə sıx əməkdaşlığımız olub və onların hazırlıq səviyyəsinin necə yüksək olduğunu görmüşəm. Bu təcrübə “Zeytun budağı” əməliyyatının gedişində də özünü göstərir.
Bu əməliyyata demək olar ki, bütün qoşun növləri cəlb olunsa da, hələ ki terrorçuların ərazidə müəyyən edilmiş 300-ə yaxın obyektinə əsas zərbə hərbi aviasiya tərəfindən endirilir. Çox əlamətdar haldır ki, həmin obyektlərin sıradan çıxarılmasında Türkiyə aviasiyası çox yüksək dəqiqlik, hərbi pilotlar isə inanılmaz bacarıq göstərirlər. Türkiyəli hərbi pilotun F-16 qırıcısı ilə cəmi 20 metr yüksəklikdən terrorçulara məxsus silah mağarasını dəqiqliklə vurması Ginnesin Rekordalr kitabına düşəsi hərəkətdir.
İnanıram ki, Türkiyə uğurla davam etdirdiyi “Zeytun budağı” əməliyyatını eyni templə də başa çatdıracaq. Təbii ki, hərbi əməliyyatlarla yanaşı, Suriyada maraqları olan ölkələr arasında məsləhətləşmələr də keçirilir. O danışıqlarda nəticə əldə olunarsa, hərbi əməliyyatların vaxtından əvvəl yekunlaşdırılması mümkündür. Yəni ya Türkiyənin şərtləri qəbul olunmalıdır, ya da ki o şərtlər hərbi güclə qəbul etdiriləcək”.
Ramaldanovun fikrincə, yüksək peşəkarlıqla hazırlanmış “Zeytun budağı” əməliyyatından Azərbaycanın Qarabağda başlayacağı mümkün savaşda istifadə oluna bilər:
“Xüsusi qeyd edim ki, “Zeytun budağı” əməliyyatının keçirildiyi Afrin coğrafi baxımdan Qarabağla oxşar relyefə malikdir – hər iki bölgə xüsusi hərbi yanaşma tələb edən dağlıq ərazidir. Ona görə də, “Zeytun budağı” əməliyyatı Azərbaycan ordusunun döyüş hazırlığının təkmilləşdirilməsi baxımından, faydalı ola bilər. Bu mənada həmin əməliyyatın Azərbaycan hərbi birliklərinin təlimlərində sınaqdan çıxarılması mümkündür”.
A.Zeynalov