Yaddan çıxan DELİMİTASİYA: “Əlavə risklərin yaranmaması üçün sərt tələblərimizi qoymalıyıq”

“Erməni tərəfinin Azərbaycana vurduğu ziyanla bağlı komissiyanın yaradılması gündəmdə yoxdur. Buna səbəb Azərbaycan tərəfinin bu istiqamətdə addımlarının olmamasıdır”.

Bunu Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyən edilməsi ilə bağlı yaradılmış delimitasiya komissiyasının fəaliyyəti, erməni tərəfinin Azərbaycan tərəfinə vurduğu ziyana görə ödəməli olduğu təzminat məsələsinin gündəmdən düşməsini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.İlham İsmayıl bildirib ki, Azərbaycan tərəfi prosesi sürətləndirmək üçün mövqeyini sərtləşdirməlidir:

“Delimitasiya məsələsi hələ də gündəmdədir. Ötən ilin 26 noyabrında Soçi görüşündə delimitasiya komissiyasının yaradılması irəli sürülsə də, bu baş tutmadə. Aprel ayının 14-də Brüssel görüşündə konkret vaxt qoyuldu, aprelin sonuna qədər komissiya yaradılmalı idi. Aprelin sonunda da yaradılmadı, mayın əvvəlində yaradıldı. Hər iki ölkənin baş nazirlərinin müavinləri komissiyaya rəhbərlik edir. İlk görüş Moskvada baş tutdu, ancaq o görüş haqqında və hansı məsələlərlə bağlı razılığa gəlindiyi barədə heç bir informasiyamız olmadı. Moskvada yeni görüş baş tutacaq. Delimitasiya məsələsi ilə bağlı görüləcək ilk iş hansı xəritə əsasında işlərin aparılmasını müəyyən etməkdir.

Erməni tərəfinin Azərbaycana vurduğu ziyanla bağlı komissiyanın yaradılması gündəmdə yoxdur. Açığı, erməni tərəfi bunu heç qəbul etmir. Çünki bu istiqamətdə addımlarımız yoxdur. Bu məsələdə heç bir addım atılmır, ancaq delimitasiya işləri reallaşa bilər. Növbəti görüşdə müəyyən edilməlidir ki, hansı xəritə əsasında işlər aparılacaq. Təəssüf ki, bu işdə süründürməçilik var. Bu işin başında Ermənistan və Rusiya gəlir. Azərbaycanın tələbi çox aşağı şəkildədir. Azərbaycan sərt şəkildə tələblər qoymalıdır və konkret vaxt verməlidir. Avropa İttifaqı sülh danışıqları üçün də zaman göstərir. Azərbaycan bu işi sürətləndirmək üçün hərəkət etməlidir. Zaman və beynəlxalq şərait bizim xeyrimizədir. Bundan istifadə etmək lazımdır. Bir Zabux kəndinin, Laçının boşaldılmasını qarşı tərəf hay-küylə qarışlayırsa, perspektivdə sülh müqaviləsinin imzalanması, delimitasiya işləri də bu dərəcədə süni şəkildə uzadılacaq. Süni şəkildə uzadılma olsa, xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, əlavə risklər yaranacaq. Əlavə risklərin yaranmaması üçün sərt tələblərimizi qoymalıyıq. Konkret olaraq vaxt müəyyənləşdirməliyik”.

Səxavət Məmməd