Yağış və külək nə vaxta qədər davam edəcək?

71691_jmaaz2mfmeDünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olsa da, bu gün temperatur iqlim norması daxilindədir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında temperatur 4-7 dərəcə aşağı enib, hazırda hava yağıntılıdır və güclü şimal-qərb küləyi əsir.

G.Məmmədova əlavə edib ki, Azərbaycanda qeyri-sabit hava şəraiti sabah günortaya kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycanın rayonlarında da fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.