“Məsuliyyət yolu təmir edib, yenidən quran qurumun üzərinə düşür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib.
Yağışların yağmasından sonra paytaxt yollarında yaranan vəziyyət barədə danışan mütəxəssisin sözlərinə görə, tikinti norma və qaydalara uyğun olaraq yeni salınması lazım olan yollar şəhərdə və şəhərətrafı qəsəbələrdə yağışların yağmasına görə sözügedən standartlara uyğun inşa olunmur.
“Belə ki, yağış və qrunt sularının sayı artdıqca biz bir çox hallarda yolların bu vəziyyətdə olmasını müşahidə edə bilirik. Sosial mediadan tutmuş bütün televiziyalarda bu mövzunu işıqlandırırlar. Bəzi sovet dövründən qalmış yollar da var ki, sadəcə örtüklə örtülüb. Təəssüf ki, burada kanalizasiya boruları standarta uyğun yenilənməyib və nəticədə mənzərə göz qabağındadır”, – deyə o əlavə edib.
Ekspert vurğulayıb ki, məsuliyyət yolu təmir edib yenidən quran qurumun üzərinə düşür.
“Bu kimi işlərin qarşısının alınmamasından ötrü bütün tələblərə, habelə tikinti qayda və normalara uyğun olaraq kanalizasiya üçün nəzərdə tutulan su kanalizasiya sistemi tam normativlərə uyğun quraşdırılmalıdır”, – deyə o bildirib.
İsmayıl Bakuvi