!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yalan eşitmək istəmirsənsə, bu sualı vermə”-Aktual.az

!Reklam – Yazi

aqilAktual.az-ın “Media kapitanları” rubrikasının qonağı “Yeni Çağ” (yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgərdir.

– Bugünkü jurnalistikada Sizi qane edən nələrsə varmı?

– Qane edənmi, etməyənmi? Qane edən odur ki, indiki gənclər bizim kimi fanat deyillər. Biz səhərdən axşama qədər partiyaları, təşkilatları gəzib informasiya toplayırdıq. Bir partiyaya ən az üç-dörd dəfə gedirdik ki, bir xəbər alaq. İndi “Facebook”un sayəsində istənilən şəxslə iki dəqiqəyə əlaqə qurulur, hansı funksionerin kimdən xoşu gəlmədiyi “status”undan anlaşılır. Yəni, bu gün çalışmaq 10-15 il öncəyə nisbətdə asanlaşıb. Ancaq jurnalistikada ruh qalmayıb. O yazma həvəsi, axtarmağa-araşdırmağa maraq yox səviyyəsindədir. Əksər araşdırmalara baxırıq ki, altında bir qeyd var. Ya müsabiqə üçündür, ya da hansısa təşkilat yazdırıb. Yəni, jurnalistin özü otursun, araşdırma aparsın, yazsın, bunu ya görmürük, ya da nadir hallarda önümüzə çıxır. Müsbətlərdən danışsaq, bu gün internet media ciddi şəkildə inkişaf edir. Təbii ki, sel gələndə çör-çöp də gətirir. Ancaq onlar ələnəcəklər və üç-beş ilə Azərbaycanın çox ciddi internet mediası olacaqdır.

– Ələnəcəklərinə əminsinizmi?

– Bəli. Bu, təxminən, 2000-ci illərdəki qəzet çoxalmasına bənzəyir. Nə oldu? Nəticədə üç-beş il içərisində o qəzetlərin əksəriyyəti əridi-getdi. Qalanlar var. Hələ də mövcudiyyətini bir şəkildə saxlayanlar var. Lakin onların varlığından heç korrektorlarının belə xəbəri yoxdur. Saytlarda bu müddət, bəlkə, bir qədər uzana bilər. Çünki qəzetdən fərqli olaraq, saytın həm idarə edilməsi daha sadədir, həm də maliyyə xərcləri daha azdır. Ancaq burada ən önəmli məqam ondan ibarətdir ki, sən xəbər istehsal edə bilməsən, məhvə məhkumsan. “Copy-paste”lə bir müddət ayaqda qala bilərsən, ancaq sayt oxucusu qəzet oxucusundan daha tələbkardır. Və o oxucu səni tərk edəndən sonra bir daha geri gəlməyəcək. Eyni zamanda internet media ilə bağlı qanundakı boşluqlar da həllini tapdıqdan sonra sərbəstlik, nisbətən də olsa, aradan qalxacaq və meydanda, sadəcə, bu işlə ciddi məşğul olan şəxslər qala biləcək.

– Azərbaycan oxucusu, əsasən, hansı xəbərlərə üstünlük verir?

– Azərbaycan oxucusuna bir kontekstdən baxmağın əleyhinəyəm. Kateqoriyalara bölsək, A və B kateqoriyalı oxucu regionda, dünyada baş verən proseslərlə maraqlanır. Bir sözlə, ciddi xəbər oxucusudur. Bu kateqoriyaya paytaxt və əyalətdəki ziyalı zümrə aiddir. Təəssüf ki, o oxucunun maraqları çox vaxt bizim mətbuat tərəfindən təmin olunmur. Buna görə də, onlar daha çox xarici mətbuata meyillənirlər. C və D isə gündəlik olayları oxuyur və müzakirə edir. E qrupu isə daha çox şəxslərlə bağlı xəbərləri oxuyur. Hyman Rickoverin dediyi kimi, “böyük beyinlər fikirləri, orta beyinlər olayları, kiçik beyinlər isə şəxsləri düşünür”. Bizim borcumuz bu insanların hər birinin maraqlarını təmin etməkdir. Lakin E qrupu digərləri ilə nisbətdə, müqayisə edilməyəcək dərəcədə, çoxluq təşkil etdiyindən əksər saytlar o oxucunu cəlb etmək üçün çalışır. Məsələn, “Zerkalo” qəzeti heç vaxt kütləvi qəzet olmadı. Amma istənilən qəzetlə müqayisədə üstünlük ona verilirdi. Niyə? Çünki nisbi olaraq, “jüri” adlandırdığımız insanlar o qəzeti oxuyurdular. Eyni zamanda oxucu artsın deyə, Elçin Şıxlı keyfiyyət deqradasiyasına yol vermədi.

– Yenicag.az-ın oxucu hədəfi nədir?

– Biz daha çox mühafizəkar kütləyə xitab edirik. Düzdür, saytda hər sahədən yazılar yazılır. Ancaq özəl yazılarda biz çalışırıq ki, artıq getdikcə azalan analitik xəbər anlayışını ortaya qoyaq. Xarici mətbuatda olan yenilikləri burada tətbiq edək. Məsələn, xəbər-yorum formasını tətbiq edək. Yəni, insanlara yalın xəbərdən daha çox bir az da aydınladan şəkildə təqdim edək. +18-dən mümkün qədər qaçırıq. Çünki o tip xəbərlər geniş bir kütləni sayta gətirir, amma bu zaman da keyfiyyət aşağı düşür. Bu, təkcə, Azərbaycanda belə deyil. Dünyada top10 xəbər cədvəlində həmişə o tip xəbərlər ilk sırada yer alır. Lakin bu, oxucu keyfiyyətini aşağı salır.

– Jurnalistika peşəsini seçməyiniz, nə vaxtsa, peşmançılıq hissinə gətirib çıxarıbmı?

– Gətirməyib desəm, yalan olar. Bəzən insan yorulur. Bəzən elə məqamlar olur ki, insan həyatdan getmək istəyir, nəinki jurnalistikadan. Mən qısa bir müddət səhhətimlə bağlı mətbuatdan kənarda qaldım və ilk dönəmdə mətbuata geri dönməməklə bağlı bir qərarım var idi. Ancaq bir də gözümü açdım ki, klaviaturanın önündə yazı yazıram. İstənilən sahədə işini sevməsən, ən gözəl iş belə insana cəhənnəm əzabı yaşadar. O səbəbdən də mən jurnalistikanı sevirəm və bu sahədən getməyi, hələ ki, düşünmürəm. Bu il mətbuatdakı 15-ci ilimə qədəm qoyacağam. 15 il, məncə, az bir rəqəm deyil.

– Jurnalist həmişə yenilik axtarışında olur. Maraqlıdır, bu cür situasiya ailə-uşaq münasibətlərinə mane olmur ki?

– Baxır o yeniliyə. Mən daha çox araşdırma jurnalistikası ilə məşğul olduğumdan xarici səfərlərin sıxlığına bizim evdəkilər alışıblar. Uşaqlar bu durumdan narazı olsalar da, texnologiyanın inkişafı sayəsində problemdən, azacıq da olsa, qurtula bilirəm.

– Yazıya ayırdığınız zamanı şəxsi məsələlərə ayıra bilirsinizmi?

– Mən mətbuata yeni gəldiyim dönəmlərdə müsahiblərimdən biri bu sualıma belə cavab vermişdi: “Yalan eşitmək istəmirsənsə, bu sualı vermə”. Mən yazını, xüsusilə araşdırma, analitik tipli yazıları yazmağı bir ananın övlad dünyaya gətirməsinə bənzədirəm. Çünki o yazıların quruluşu, hazırlanması elə ağır prosesdir ki, bir yazı üzərində bəzən günlərlə işləməli olursan. Və yazıdan sonra insan,ən azı, iki gün o ağırlığı çiyinlərində, beynində yaşayır. Ona görə, açıq etiraf edirəm ki, mən şəxsi məsələlərimə yazıya ayırdığım vaxtın, ən yaxşı halda, beşdə birini ayıra bilirəm.

– Kişi üçün ailə və yazı peşəsinin bir yerdə addımlaması çətin deyil ki?

– Məncə, çətin olmamalıdır. Təbii ki, burada ailə o insana qarşı tolerant münasibət sərgilədiyi halda. Əks halda, adamın nə yazısı qalar, nə ailəsi. Həyatı cəhənnəmə dönər. O baxımdan, şükür Allaha ki, şanslıyam.

– İşdən kənarda Aqil Ələsgər necədir? Bir həftə jurnalistikadan, qələmdən, müasir dillə desək, internetdən uzaq olsanız, Sizcə, həyatınızda nə dəyişər?

– Sualın ikinci hissəsindən başlayaq. Çox çətindir. Məsələn, xarici səfərlər zamanı oteldən yoldaşlarım tam fərqli tələbləri olduğu halda mənim tələblərim standartdır: “Wi-fi varmı? Otaqlar təmizdirmi? Hətta, bir neçə dəfə çox gözəl komfort oteli tərk edib, daha sadə, lakin interneti olan otelə köçmüşəm. Ona görə deyirəm ki, bunu təsəvvür belə edə bilmirəm. Facebook, Twitter artıq bizim birinci evimiz olub. Ancaq həm də qalmaq istərdim. Çünki, əslində, hazırkı cəmiyyət internetin əsiri olub. Əvvəllər əllərə qandal vururdular, indi “İphone”larla, “Galaxy”lərlə qandallanmışıq.
İşdən kənarda necəyəm? Bu suala dostlarım daha yaxşı cavab verə bilərlər. Ancaq çay içəndə də gözümüz internetdə qalırsa, hətta bəzən eyni masa arxasında olanlar bir-birləri ilə çatlaşırsa, vəziyyət çox kritikdir. Təəssüf ki, mən də o kritik qrupa aidəm. Hətta evdə bəzən uşaqlar belə buna etiraz edirlər. Və internetdən daha çox insanı telefon zəngləri yorur. Qarşı tərəf sənin ruh halından və iş rejimindən xəbərsiz halda bəzən dəqiqələrcə vaxtını alır. Heç nə deyə bilmirsən, dedikdə isə yanlış anlaşılırsan.

– Dostlarla ünsiyyətdə Sizi yoran hansı mövzulardan qaçmaq istəyirsiniz?

– Dedi-qodu və şəxs müzakirələri. Gücümün yetdiyi qədər qeybət mövzularından qaçıram. Çünki qeybət bumeranq kimi bir şeydir, bu gün sənə danışan başqa gün səndən danışacaq. Ona görə, görüşlərdə daha çox aktual məsələlərdən danışırıq.

– Yeni ili harada qarşılamaq fikriniz var?

– Açığı, yeni ilə və digər bu tip bayramlara xüsusi əhəmiyyət vermirəm. Mənim üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü min yeni ildən önəmlidir. Harada qarşılamağım isə şəxsi büdcəmə aid məsələdir. Yəni, bu vaxta qədər büdcəm evdən kənarda qeyd etməyə icazə verməyib. Yəqin bu il də, Allah qismət edərsə, evdə qeyd edəcəyik. Təbii ki, həbs olunmasaq, öldürülməsək. Yəni, qədərimizi yazan Allahdır. Bizim güvəndiyimiz də odur. Və insan ömrü, əslində, anlardan ibarətdir. Məsələn, deyirik ki, 2005-ci ildə filan hadisə olmuşdu. Qosqoca 365 gün, əslində, o gün, hətta o hadisə ilə bağlı xatırlanırsa, o an neçə dəqiqə və ya saat çəkibsə, o qədər yaşamısan. Ona görə də, indidən verilən bütün sözlər nisbidir. Heç gözləmədiyin anda elə bir şey yaşanır ki, insan həyatı 180 dərəcə dəyişir. Allah bizim və bütün dostlarımızın həyatını hər zaman müsbətə doğru dəyişsin.

Tural/Aktual.az

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv