“Yalan xəbərlərin qurbanına çevrilməmək üçün bunları mütləq edin” – Media eksperti

“Media savadlılığı” bir çox cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətdə də aktual mövzudur. Bu gün Azərbaycan oxucusu, tamaşaçısı, dinləyicisi üçün səhih məlumatların əlçatanlığı yüksək olsa da, biz praktikada bunun yetmədiyinin şahidi oluruq.

Ümumilikdə dezinformasiyaların tez və kütləvi yayılması kimi bir xüsusiyyəti var. Cəmiyyətdə çaşqınlıq yaradan, dövlətlə cəmiyyət arasındakı inamı sarsan, dövlətin informasiya siyasətinə birbaşa təhdid törədən yüzlərlə məlumat çox qısa zaman ərzində sosial şəbəkə adlı nizamsız və nəzarətsiz mühitdə yayıla bilir. Bu mediavirusların belə operativ yayılması informasiya çirkliliyi yaradır ki, bu çirklilik çox zaman təhlükəli nəticələr doğurur.

Media savadlılığı fərdlərin doğru və yalnış arasında qaldıqları zaman hansı üsullarla bunu aydınlaşdıra biləcəklərini aşılayan maarifləndirmə aksiyasıdır.

“Azxeber Media”nın direktoru, media ekperti Əfsələddin Ağalarov məhz bu həftənin önəmini nəzərə alaraq sizlərə mediaviruslardan qorunmağın bir neçə üsulunu təqdim edir:

“Çirkli informasiyanın hədəfinə çevrilməmək üçün istifadəçi oxuduğu, dinlədiyi və ya eşitdiyi məlumatların təhlükəli mediavirus olduğunu ən sadə bu yollarla anlaya bilərik:

1.İlk növbədə məlumatın yazılma üslubuna diqqət etməkdə fayda var. İnformasiyanın yazılışında qüsurlar varsa, cümlələr arasında rabitəsizlik özünü biruzə verirsə bu məhsulun peşəkar birinin əməyi sayəsində ərsəyə gəlmədiyinə əmin ola bilərsiniz. Bu isə məlumatdakı doğruluq payının azlığını və ya yalan olmasını göstərən ilk önəmli detaldır.

2.Jurnalistikanın təməl qaydaları arasında məlumatı 3 fərqli mənbədən dəqiqləşdirmək anlayışı mövcuddur.Oxuduğunuz və ya dinlədiyiniz məlumatda yalnız mülahizələr ortaya atılır və bu fikirlərdə heç bir fakt, heç bir rəsmi tərəfin mövqeyi yoxdursa o zaman yazıda peşəkarlıq prinsipləri qorunmamış sayılır. Bu məlumat manipulyasiya aləti də ola bilər.

3.Xəbərin oxuması, baxılması üçün şişirdilmiş başlıqların yazılması:

İnformasiya tez sıradan çıxa bilən bir məhsul olduğu üçün onu oxunması, daha çox şəxsə çatdırılması üçün redaktorun kiçik zərərsiz toxunuşları ola bilər. Bu zərərsiz toxunuşlar cəmiyyətdə çaşqınlıq, çaxnaşma, dövlətin informasiya siyasətinə təhlükə yaratmamalıdır.

İlkin baxış zamanı qarşınıza çıxan informasiyalarda “Şok”, “Təcili” və buna bənzər bir çox başlıqlarla təqdim edilir və bu çağırışların ardından dağınıq informasiyalar gözə çarpırsa bilin ki, bu xəbərlərdəki doğruluq payı azdır.

4.Sosial şəbəkələrdə yalnız rəsmi şəxslərin dilindən işlədilən cümlələrin və sitatların doğruluq payı vardır.

Hər gördüyünüz, eşitdiyiniz xəbərlərə inanmayın. Yalnız rəsmi səhifələrdən xəbərlər əldə edin. Belə imkanınız yoxdursa, hər hansısa bir xəbər saytından, ya da “google” axtarış sistemindən o məlumatı sorğulatdırın.

Əziz istifadəçilər, ən önəmlisi odur ki, heç bir ciddi və doğru informasiya yayan medianın oxucunu yönləndirmək kimi bir arzusu, məqsədi yoxdur. Elə bu faktın özü sizi doğru və yalansız informasiyalara yöndəndirəcəkdir”.