Yalnız qalan qərənfil – Lütfi Zadəni belə unutduq…

Bu gün görkəmli alim Lütfi Zadənin ölüm günüdür.

Yenicag.az olaraq alimin məzarını ziyarət etdik. Gedərkən görəcəyimizi düşünüb, lakin görə bilmədiyimiz mənzərə bizi həm təəccübləndirdi, həm də heyfsləndirdi. Ölərkən ana vətənində dəfn olunmasını istəyən dünyaca məhşur alimin məzarı başında elə sakitlik var idi ki, ürəyimizdə olan təəssüf səslərini qulağımızla eşidə bilirdik…

Alimin məzarı başında hər hansı qurum və təşkilatları görə bilməmək bir yana, Milli Elmlər Akademiyasının və digər elm ocaqlarının üzvləri də ölümünün birinci ildönümündə Lütfi Zadəni yad etməyi ağlına gətirməmişdi. Məzar başında tam ölüm səssizliyi hökm sürürdü.

Azərbaycan Respublikasının dövlət rəhbərliyinin diqqəti nəticəsində məzarın üstünə qoyulmuş qəbirüstü abidənin şiddətli şəkildə qınaqlara məruz qalması elə təsəvvür yaradırdı ki, sanki bu gün orada tərpənməyə yer olmayacaq. Ziyarətçinin biri gedib, üçü gələcək. Amma görünən o idi ki, klaviatura arxasında tənqid yağdırmaqla kimlərsə sadəcə birilərini hədəf seçir, kimlərsə kütləyə qoşulub küyə gedirlərmiş.

Qeyd edək ki, Lütfi Zadə ötən il sentyabr ayının 7-də vəfat edib və öz istəyi üzərinə Azərbaycanda dəfn edilib. Onun nəşi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə Birinci Fəxri Xiyabanda dəfn edilib.

 

COP29