“Yalvarıb-yaxarıb, şərəf sözü verib ki, Qarabağın Azərbaycanın tərkibində olması…” – Partiya sədri

“Zəngəzur dəhlizi sülh olmasa da, hərbi yolla açılacaq”.

Bunu ABŞ-nin Azərbaycana qarşı tutduğu mövqeyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ABŞ-nin davranışından təşvişə düşməyə əsas yoxdur:

“Nensi Pelosi əvvəldən də ermənipərəst mövqeyi ilə seçilən şəxs olub. 2019-cu ildə qondarma erməni soyqırımının qəbul edilməsində həlledici rol oynayan adam olub. Onun bu bölgəyə səfəri heç də bu hadisələrlə bağlı deyil. Bu, planlaşdırılmış səfərdir. O, ermənilərə ürək-dirək, populist, axmaq bəyanatlar verdi. Ancaq Azərbaycan tutduğu mövqedən bir addım geri çəkilmədi. ABŞ ilə Azərbaycanın enerji resursları məsələsində strateji maraqları üst-üstə düşür. ABŞ-də seçikər olacaq. Demokratlar Partiyası ermənilərin səsini almaq üçün bu variantdan istifadə edirlər. O partiya həmişə erməniləri dəstəkləyib. Ona görə də onlardan bu addımı gözləmək olardı.

Böyük güclərin maraqları var. Digər tərəfdən də onlar Paşinyanı vəzifədə saxlamaq istəyir. Eyni zamanda, Ermənistanı Rusiyanın caynağından çıxarıb öz təsir dairələrində saxlamaq istəyirlər. Bu hadisələrdə qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq nəticə çıxarmalıyıq.

Ermənilər də etiraf edir ki, Paşinyanın verdiyi söz var. Yalvarıb-yaxarıb, şərəf sözü verib ki, Qarabağın Azərbaycanın tərkibində olması, Zəngəzur dəhlizinin açılması və sərhədlərin tanınması ilə bağlı öhdəlik götürüb. Onun sözünə qarant duran Putindir. Əgər Paşinyan sözünün üstündə durmasa, o zaman Putinin də şərəf məsələsi ortada qalır. Ona görə də Rusiya son döyüş toqquşmasına reaksiya vermədi”.

Səxavət Məmməd