“Aİ-92, Aİ-95 və dizel yanacağınının qiymət dəyişikliyinə görə təcili atılmalı ən vacib addım yanacaq xərclərinə görə fermerlərə dəstək mexanizminin hazırlanmasıdır”.
Yenicag.az xəbər verir ki, bu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Aİ-92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar:
“Amma bir şərtlə ki, həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro-5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etmək və ehtiyat hissələrinin uzunömürlü olması deməkdir. Aİ-95 markalı benzinin qiymətinin ucuzlaşmasını isə ekologiyanın və ili nisbətən yeni avtomobillərin dəstəklənməsi baxımından yüksək qiymətləndirirəm. Dizelin qiymətinin 25 faiz yüksəlməsi dizel mühərrikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək. Buna görə də hökumət fermerlərin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır”.
Ekspert qeyd edib ki, Aİ-92-nin qiymətinin artması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdı:
“Bunun da üzərinə dizelin qiymətinin 25 faiz artmasını gəlsək, fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcək. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəriclırinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki, ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanacağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.