!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yandırılan" odunların "isindirdiyi" Təhsil Nazirliyi və... - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 24-cü buraxılışı ilə görüşünüzə gəlib.

Təhsil Nazirliyinin tenderləri, Operativ Qərargahın dindarlarla bağlı qərarı, BNA və DYP kimi qurumların cərimə siyasəti və Qarabağda anti-terror əməliyyatına başlanıb-başlanmaması kimi həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Dindirir əsr bizi – dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;

*

“Yandırılan” odunların “isindirdiyi” Təhsil Nazirliyi

Xəbər tutandan bəri şokdayam. Deməli, Təhsil Nazirliyi üç ay öncə yaranmış iki şirkətə 230 min manat ödəyəcək ki, bu ağzının sarısı getməyən şirkətlər Lənkəran, Astara və Lerikdə məktəbləri istiliklə təmin etsinlər. Düşünəcəksiniz ki, müasir nanotexnologiya əsrində bu bahalıqda isitmə, yəqin ki, alternativ enerji hesabına başa gələcək. Bəli, əslində alternativ enerjidir, ancaq nə günəş, nə külək, heç geotermal da deyil. Bildiyiniz odundur, odun. Bu tenderi elan edəndən deyil, həmin kənd məktəblərini isitmək üçün istifadə olunandan bəhs edirəm. Yanlış eşitmədiniz, dünyaya enerji ixrac edən ölkənin cıqqılı vətəndaşları odunla qızışacaq, odunla, Nuh əyyamında olduğu kimi. Üstəlik, Təhsil Nazirliyi bunun üçün tender elan edib, meşələrimizi qırmaq istəyənlərə də stimul verməkdədir. Nə də olsa, fulbraytlı nazirdir, bir bildiyi var deyib keçək…

*
Cərimələdiklərimizdənsinizmi?

Büdcəni rəsmən cərimələrlə doldurmaqdan başqa bir şey bilmir, deyəsən, hökumət. Benzinin qiymətini DƏYİŞMƏLƏRİ bir dərd, yol kənarında maşını saxladınsa, həm BNA, həm yol polisi cərimələyib gedir.

Məsələn, Türkiyədə jandarmanın öz bölgəsi var, polisin öz. Bizdə isə öz aralarında yola getməsələr də, xalqı soymaq üçün hamısı əlbir olub camaatın beynini tikirlər. Şəhərdə onsuz da addım atmaq olmur, ara küçədə saxlayanda isə ikiayaqlı kameralar şəklini çəkib gedirlər.

Əvvəllər bir Vergilər ilə Eldar Mahmudovun nazirliyi var idi başkəsmək üzrə olimpiya çempionlarımız. Hər iki nazirlik xidmətə çevriləndən millət ölənlərinə rəhmət oxuyur. Son bir neçə ildə bir adam da deyə bilməz ki, onların hansısa birindən nəsə ciddi şikayət var. Ancaq indiki cəriməsevərlər köhnələrə də rəhmət oxutdurur. Az qala hər qurum əlinə bir zad alıb, özünü kəndxuda elan edib, cərimə kəsir.

BNA kəsir…
Yol polisi kəsir…
Qida Təhlükəsizliyi kəsir…
Gömrükdən danışmağa belə dəyməz…

Qısacası, kəsən kəsənədi və bu heç də yaxşı nəticə ilə sonuclanacaq iş deyil… Məndən deməsi…

*

Operativ Qərargahın möhürü

Dindarlar çox həssas təbəqədir və onlarla bağlı hər qərar ciddi götür-qoy edilməlidir. Və bir faktı da nəzərdən qaçırtmamaq lazımdır ki, Azərbaycan əhalisinin böyük bir qismi şiə məzhəbinə bağlı olsalar da, ibadət əhli olan sünni sayı ibadət əhli şiədən heç də az deyil. Çünki çoxumuz qəlbi təmiz müsəlmanlığa üstünlük verdiyindən, avtomatik ibadətin şərtlərindən özümünü azad hesab edirik.
O baxımdan dindarlarla bağlı qərarlar veriləndə təkcə Quma, ya da gözünü nəzir qutularına zilliyənlərə baxmamaq lazımdır, bütün dindarları nəzərə almaq lazımdır. Yəni COVID-19 pasportunun yanına “möhür”ü məcburi əlavə kimi qoşmaq sünni vətəndaşın beynində, “Mənə “gəlmə” deyirlər”, – təsəvvürünü yaradır. Əlbəttə ki, bu qərarı yazan dindən bixəbərin düşünərək yazdığını düşünmürəm. Ancaq onsuz da bihörmət olan Operativ Qərargahı bir partiya da dindarlara babat “yad etdirir”.

*
Anti-terror əməliyyatı başlamasa…

Nə qədər Xankəndində Arayik var, bu torpaqlardan şəhid əskik olmayacaq. Nə qədər ki Azərbaycan torpaqlarında anti-terror əməliyyatı keçirib bütün dağda-dərədə olan silahlı ermənilər gəbərdilməyib, hər ev potensial şəhid evidir. Nə qədər ki Laçın koridorundan nəyin keçdiyindən xəbərsiz olacağıq, yollarımız minasız olmayacaq. Bəli, torpaqlarımızda tam hakim olmanın üç sadə səbəbi bunlardır. Başa düşürük, anlayırıq ki, hər şey istədiyimiz anda ola bilmir, hələ də 44 günlük savaşı və zəfərimizi həzm edə bilmir Makronu-filan. Ancaq biz də başımızı quma salmamalıyıq. Daha hər gün başqa bir Siracın, bir başqa Məhərrəmin şəhid olmasını gözləməməliyik. Bir an öncə torpaqlarımızı təmizləmək və o bölgənin sakinlərinin yurd-yuvalarına qayıtmaları üçün hərəkətə keçməliyik. Pütün beynəlxalq aləmin xoşuna gəlsə də, gəlməsə də…

www.yenicag.az

842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv