Yanğın, yoxsa TERROR? – “Əgər burada PKK-nın əli olduğu sübuta yetirilsə…”

“Boluda yerləşən İdman Kompleksinin otelində baş verən yanğınla bağlı ilkin araşdırmalar göstərir ki, hadisənin təsadüfi olması ehtimalı çox azdır”.

Bu sözləri Yenicag.az-la söhbətində siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Analitik Türkiyənin Bolu bölgəsinin Kartalkaya ərazisində oteldə baş verən güclü yanğın nəticəsində 70-ə yaxın ölü və xeyli sayda yaralının olduğu hadisə ilə bağlı səslənən iddiaları şərh edib.

E. Xalidbəyli söyləyib ki, hazırda iki əsas versiya üzərində iş aparıldığı qeyd olunur:

“Birinci versiya otelin yanğından mühafizə sisteminin düzgün qurulmaması və ya təhlükəsizlik standartlarına uyğun olmaması ilə əlaqəlidir; İkinci versiya isə hadisənin qəsdən törədilmiş bir terror aktı ola biləcəyi ehtimalını nəzərdə tutur. Türkiyənin Suriyada və İraqda PKK terror təşkilatına qarşı apardığı prinsipial və qətiyyətli mübarizə fonunda bu versiya tamamilə məntiqli görünür. Türkiyə, PKK-nın tamamilə sıradan çıxarılması istiqamətində ciddi və effektiv addımlar atır. Bu şəraitdə terror təşkilatının Türkiyəyə qarşı əks tədbirlər görmək və ölkədə qarışıqlıq yaratmaq məqsədilə belə terror aktları törətmək niyyətinə düşməsi mümkündür. Əgər bu versiya təsdiqlənərsə, oxşar hadisələrin Türkiyənin digər bölgələrində də baş vermə ehtimalı diqqətdən kənarda saxlanmamalıdır”.

“Türkiyə güclü dövlət olaraq hadisənin səbəblərini araşdırmaq və gerçəkliyi ortaya çıxarmaq üçün bütün resurslardan istifadə edəcək. Yaxın zamanda baş verən yanğının əsl səbəblərinin müəyyənləşdiriləcəyi gözlənilir. Əgər bu hadisədə PKK-nın əli olduğu sübuta yetirilsə, bu, terror təşkilatına olduqca baha başa gələcək. Türkiyə belə təhlükələrə qarşı tam hazırlıqlı olduğunu dəfələrlə sübut edib və hər bir provokasiyanın cavabını layiqincə verəcəyinə şübhə yoxdur”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov