Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yanğınla üzləşən abituriyentlərə ancaq bir güzəşt oluna bilər... - İDDİA

Xəbər verdiyimiz kimi, iyulun 22-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Hadisə nəticəsində bir çox abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində baş vermiş yanğın səbəbindən burada I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün bütün sual kitabçaları yenidən tərtib olunacaq. DİM həmin abituriyentlər üçün iyulun 27-də imtahan təşkil edəcək:

“Abituriyentlər cavab kartlarını adətən, imtahanın sonunda doldururlar. Azərbaycan Kooperasiya Universitetinin binasında keçirilən imtahan zamanı heç bir cavab kartı doldurulmayıb. Ona görə də sözügedən həmin abituriyentlər iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edə bilərlər. Bütün sual kitabçaları yenidən tərtib olunacaq və həmin abituriyentlərə hansısa güzəşt olmayacaq”.

Qeyd edək ki, baş verənlərdən sonra uşaqların psixoloji vəziyyəti heç də qənaətbəxş deyil. Belə ki, hadisə nəticəsində zəhərlənənlər, ümumiyyətlə, stress keçirənlərin bu vəziyyətdən tam xilas olmadan yenidən imtahan verərək, yüksək bal toplamaq şansları aşağıdır. Belə olan halda isə həmin abituriyentlərin müvəffəqiyyətli nəticə əldə edəcəkləri o qədər də real görünmür.

Məsələni Yenicag.az-a şərh edən təhsil eksperti Kamran Əsədovun fikrincə, sözügedən abituriyentlər üçün iyulun 27-də keçiriləcək imtahanda sualların ağırlıq dərəcəsi aşağı salınmalı və imtahan müddəti bir saata qədər artırılmalıdır:

“İmtahan zamanı baş verən bu tip yanğın hadisələri xoşagəlməz hadisə olmaqla yanaşı, Azərbaycanda təsadüfi də deyil. 2009-cu ildə qəbul olunan qanuna və Dövlət İmtahan Mərkəzinin nizamnaməsinə görə, yalnız bilik qiymətləndirilir. Bu və ya digər sosial status, baş verən hadisə və duruma görə heç kimə güzəşt və yaxud üstünlük verilmir. Üstünlük yalnız Beynəlxalq olimpiadaların və idman yarışlarının qaliblərinə verilir.

Kooperasiya Universitetində baş verən hadisə isə əlbəttə ki, çox xoşagəlməzdir. Bütün imtahan binalarında Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım briqadasının əməkdaşları olur. Həmçinin imtahan otaqları Dövlət Mühafizə Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tam təhlükəsizlik şəraitinə gətirildikdən sonra qapılar möhürlənir və yalnız imtahan başlayanda açılır. Tamamilə zərərsizləşdirilmiş obyektdə necə yanğın baş verə bilər? Bu barədə düşünürəm ki, müvafiq qurumlar tədqiqat aparacaqlar. Dövlət İmtahan Mərkəzinin təcrübəsində bu cür hallar zamanı güzəştlər olunub. Bildiyiniz kimi, 2016-cı ilin aprelində cəbhə xəttində atəşkəs rejimi pozuldu və müharibə şəraiti yarandı. Həmin vaxtı Dövlət İmtahan Mərkəzi qərar verdi ki, cəbhə xətti zonasında, 4 rayon ərazisində orta məktəb şagirdləri buraxılış imtahanı verməyə bilərlər. Lakin onlar buraxılış imtahanlarından azad edilərək, atestat alsalar da, kollec seçimində iştirak edə bilmədilər. Belə bir mexanizm yoxdur ki, baş verən fövqəladə hadisəyə görə kimlərəsə güzəşt edilsin. Kooperasiya Universitetində baş verən yanğında zərər çəkən abituriyentlərə güzəşt edilərsə, oxumayan şagirdlər də anoloji vəziyyətdən sui-istifadə etməklə güzəşt tələb edəcəklər. Ona görə də Kooperasiya Universitetində imtahan verən abituriyentlərə də güzəşt edilməməlidir”.

Amma əvəzində onlara verilən sualların ağırlıq dərəcəsini aşağı salmaq, imtahan müddətini 1 saata qədər artırmaqla problemdən çıxmaq olar. Birmənalı şəkildə aydındır ki, həmin abituriyentlər bir həftə ərzində tam dolğun məşğul olaraq hazırlaşa bilməyəcək. Ona görə də onlara münasibətdə yuxarıda qeyd etdiyim güzəşt mexanizmi tətbiq oluna bilər. Bu həmin şəxslər üçün ən optimal çıxış yolu ola bilərdi”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

491
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM