Yanlış ayağı kəsilən xəstə ilə bağlı yeni məyusedici xəbər var

150506173853_amputatedlegflorida_512x288_getty_nocreditAzərbaycanın yüksək rütbəli səhiyyə rəsmisi deyib ki, ayağı yanlış kəsilmiş xəstəyə təkrar amputasiya əməliyyatı keçiriləcək.

“Yanlış amputasiya olunan xəstənin sol ayağı da kəsiləcək”, – Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski şənbə günü APA-ya bildirib.

Cümə günü diabetdən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın “iltihablı sol” ayağı yerinə sağ ayağı amputasiya edilmişdi.

Əməliyyat Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həyata keçirilib.

Azər Şəmsəddinski bildirir ki, şənbə günü tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib və xəstənin sol ayağının da kəsilməsinə qərar verilib.

Prokurorluq xəstənin yanlış ayağının kəsilməsi ilə bağlı araşdırmaya başlayıb.

“Araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir”, prokurorluğun açıqlamasında deyilir.

Rəsmi məlumata əsasən hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi yoxlamalar aparır.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

COP29