YAP-çı deputat “Səni deyirlər” mahnısından danışdı: “Əladır, çox bəyəndim”

“Gözəl mahnıdır, artıq bizdə də yayılıb və onun çox qısa zamanda şənliklərdə səsləndiriləcəyini gözləyirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Güney Azərbaycanda geniş yayılan, Quzey Azərbaycanda da sürətlə populyarlaşan “Səni deyirlər” kampaniyasına münasibət bildirən Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili hesab edir ki, “Səni deyirlər” mahnısının Azərbaycanda bu dərəcədə məşhurlaşması təbiidir:
“Mən o mahnıya təsadüfən rast gəldim və çox bəyəndim. Həmin mahnıda Azərbaycan koloriti özünü göstərir. Bu, belə də olmalıdır. Çünki biz cənublu-şimallı bir xalqıq, eyni kökdən gəlirik. Ona görə də bizim düşüncəmiz, mədəniyyətimiz və müsiqimiz eynidir. Çox təəssüf ki, tarix bizi iki ayrı dövlətin tərkibinə salıb.

Gözəl bir mahnıdır, artıq bizdə də yayılıb və onun çox qısa zamanda şənliklərdə də səsləndiriləcəyini gözləyirəm. Deyim ki, bizləri birləşdirən dəyərlər əslində, daha çox olmalıdır. Bəli, biz qəbul edirik ki, iki dövlətin tərkibindəyik. Ancaq bununla belə, xalqımız vahiddir.

Bir daha deyirəm, buna çox müsbət baxıram. Gözəl mahnıdır, lirikdir, oynaqdır… Qeyd edim ki, hər iki Azərbaycan bir-birinin həyatı ilə mütəmadi olaraq, maraqlanır. Biz onların həyatı və uğurları ilə maraqlanırıq, onlar da Azərbaycanın uğurlarına sevinirlər, problemlərini özlərinki kimi qəbul edirlər. Bu, çox normal, gözəl, alqışlanası məsələdir”.

A.Zeynalov

COP29