YAP-dan Əli Kərimlinin saxlanılmasına REAKSİYA: “Qanunazidd hərəkətdir”

“Müxalifətçi partiyanın sədri Əli Kərimli törətdiyi qanunsuzluqlara görə haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir. Törətdiyi qanunazidd əməllərə görə haqqında cərimələnmək kimi məhkəmə hökmü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, marafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur: “Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı qüvvələrə yardım fondu var. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin.

Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı qüvvələrinə yardım fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edirəm. Özüm isə işlədiyim idarənin mühasibatına aylıq əməkhaqqımın 50 faizinin həmin fonda köçürülməsi barədə müraciət edirəm. Gəlin Ordumuza dəstək olaq”.

COP29