“Müxalifət o zaman güclü olur ki, hakimiyyət öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bir qrup müxalifət partiyasının dekabrın 25-nə Zirvə görüşü təyin etməsinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadənin sözlərinə görə, Azərbacan cəmiyyətində alternativ qüvvə axtarışına sifariş yoxdur:
“Demokratik ölkəyik və istənilən siyasi qüvvə sərbəst şəkildə tədbir keçirə bilər. O, baxımdan, bizim onların tədbirinə hər hansı bir münasibətimiz yoxdur, bu, onların öz seçimidir.
Amma bu gün müxalifətə sosial sifariş yoxdur. Müxalifət o zaman güclü olur ki, hakimiyyət öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmir və cəmiyyət ümidini alternativ qüvvəyə yönəldir.
Bu gün iqtidar öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. Büdcə ildən-ilə artır, dövlət insanların sosial vəziyyətini daim diqqətdə saxlayır, infrastruktur yaxşılaşdırılır, ölkədə sabitlik və təhlükəsizlik var, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artır, Azərbaycan gəncliyi sabaha inamla baxır. Bir sözlə, iqtidar ona verilən mandatı yerinə yetirir.
Bu baxımdan, cəmiyyətin alternativ qüvvə axtarışına sifariş yoxdur. Qeyd edim ki, müxalifətin ara-sıra keçirdiyi kütləvi aksiyalara da bir o qədər çox insan yığışmır. Yəni bunun özü cəmiyyətin rəğbətinin və seçiminin hansı siyasi qüvvədə olduğunu göstərir”.
A.Zeynalov