YAP-ın namizədi Seçki Məcəlləsini yenidən pozdu: Kəramət Böyükçöl Anar Məmmədovu ifşa etdi – FOTO

“Yeni Azərbaycan Partiyasının 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizəd Anar Məmmədovun nə YAP vecinədir, nə dövlətin imici, nə MSK, nə də seçici”.

Yenicag.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl hakim partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülən Anar Məmmədovun Seçki Məcəlləsini pozması ilə bağlı sosial media hesabında etdiyi paylaşımda yazıb.

“Adam Seçki Məcəlləsinin 75.2-ci maddəsini pozub plakatını lövhələrə təşviqat başlamadan əvvəl asdı, paylaşdıq. Daha sonra Bərdə və ətraf rayonlardan olan seçiciləri Tərtər əhalisi kimi ictimaiyyətə təqdim etdi, onu da paylaşdıq. İndi də Seçki  Məcəlləsinin 11-1.1 və 55.2.1-ci maddələrini pozub. Görüşlərini icra nümayəndələri və bələdiyyələrlə yanaşı, İcra Hakimiyyəti ilə də təşkil edir və bu fotoları öz rəsmi səhifəsində paylaşmaqdan çəkinmir.

Fotoda gördüyünüz şəxs Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayevdir. MSK sadəcə məktubla müraciətə cavab verməklə məsul deyil, həm də sosial şəbəkələrdə paylaşılan pozuntular haqqında qeydlər aparmalı və tədbir görməlidir. Elə deyil? Başqa vaxt deyirsiniz ki, harada qanun pozuntusu gördünüz, ictimailəşdirin. İctimailəşdiririk də, niyə ciddiyə almırsınız?” – deyə Böyükçöl qeyd edib.

COP29