YAP-ın namizədindən seçki AÇIQLAMASI: “ABŞ-də hətta ölülərin “səs verdiyi” faktlarla sübut olunub”

“Seçkilər hər zamankı kimi azad, demokratik və şəffaf keçiriləcək”.

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri üçün prosesin gedişatı və rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının 72 saylı Cəlilabad kənd seçki dairəsindən namizədi Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ölkəmizdə keçirilən hər bir seçki demokratik inkişaf yolunda mərhələlərdən biridir.

“Yaxın keçmişdə, fevralın 7-si növbədənkənar prezident seçkiləri keçirildi. Xalqın 77%-i seçkilərdə aktivlik göstərərək, 92% səslə İlham Əliyevi seçdi. Bu seçkilər Prezident İlham Əliyevin xalqın etimadı ilə bağlı referendumu idi. İndi isə növbədənkənar parlament seçkilərinə hazırlıq gedir. Eyni yanaşma müşahidə olunur, seçkilər hər zamankı kimi azad, demokratik və şəffaf keçiriləcək.

Demokratiyanın son zirvəsi yoxdur. Hansı dövlət ki, biz demokratiyanın zirvəsindəyik deyir, yalandır. Bunu Fransanın da timsalında görmüşük”, – deyə o əlavə edib.

E.Nəsirov qeyd edib ki, Azərbaycan seçkiləri ən yüksək standartlara uyğun şəkildə keçirmək niyyətindədir.

“İdeal seçki yoxdur. Bu gün ABŞ-də prezidentliyə namizəd olan Donald Tramp belə 2020-ci ildə keçirilən prezident seçkilərində çoxlu sayda qanun pozuntularının olduğunu, hətta ölülərin belə “səs verdiyini” faktlarla sübut edib. Ancaq Azərbaycanda seçkilər kifayət qədər şəffaf, demokratik keçirilir.

YAP seçkilərin favoritidir. İnanırıq ki, çox milyonluq seçicilərimiz növbəti dəfə qələbə əzmi ilə hərəkət edən hakim partiyanın namizədlərinə səs verəcək. Buna baxmayaraq seçkilərdə bütün siyasi partiyalar fəal iştirak edərək potensiallarını göstərməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29