YAP-ın “QURBANLIQ NAMİZƏDLƏRİ”: Hakim partiya onları kimə “yem edəcək?”

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədliyi qeydə alınmış iddialıların sayı böyük ölçüdə artıq məlumdur.

Təbii ki, namizədlərdən söz düşdükdə, əsas diqqət 125 dairə üzrə favorit rəqiblərin mübarizəsinə yönəlir və onlardan hansının daha şanslı olduğu müzakirə edilir.

Bu sırada əlbəttə ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi namizədləri ilə onların əsas alternativləri arasında rəqabət indidən böyük maraq doğurur. Nəzərdan qaçmayan məqamlardan biri də YAP-ın müəyyən dairələr üzrə irəli sürdüyü namizədlərin öz alternativləri ilə rəqabət aparacaq gücdə olmamalarıdır. Belə təəssürat yaranır ki, YAP həmin şəxsləri “növbətçi namizəd” qismində irəli sürüb.

Təqdim olunan yazıda hakim partiyanın Bakını əhatə edən seçki dairələrində irəli sürdüyü namizədlərin statistik mahiyyət daşıdıqlarını təsdiqləyən detalları önə çıxaracağıq.

9 saylı Binəqədi İkinci Seçki Dairəsindən YAP-ın namizədi 2015-ci il seçkilərində deputat seçilən Qafarov Kamaləddin Nəsrəddin oğludur. Kəmaləddin Qafarov buraxılan parlamentin ən susqun deputatları sırasında yer alır. Hətta parlament müxbirləri Kəmaləddin Qafarovu “danışa bilməyən deputat” kimi xarakterizə edirlər.

Həmin dairədə qeyd olunası digər cəhət bir neçə müxalifət partiyası namizədinin toqquşmasıdır. Belə ki, Müsavatdan Kərimli Nemət Ağa oğlu, Böyük Azərbaycan Partiyasından (BAP) Elşad Musayev və Milli İstiqlal Partiyasından (AMİP) Əli Orucov mandat uğrunda mübarizə aparacaqlar. Həmin dairə üzrə namizədlər sırasında ictimai fəal Günel Səfərova və Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, İranın lehinə bəyanatlarına görə tənqid olunan Akif Nağı da var.

Bu dairə üzrə namizədlər arasında 11 nəfər işsiz var.

İddialılar arasında mübarizənin böyük maraqla gözlənildiyi dairələr sırasında 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi xüsusilə seçilir. Bu dairə artıq uzun müddətdir ki, “Hacı Madərin dairəsi” kimi tanınır. Bu da təsadüfi deyil: Adam 6 dəfə millət vəkili seçilib, 7-ci dəfə mandat qazanmaqla, öz rekordunu yeniləməyə çalışır. Onun deputat mandatı daşıdığı bu 30 ildə iclaslarda çıxış üçün söz alıb danışmaması, müzakirələri sadəcə, müşahidə etməklə kifayətlənməsi artıq başqa söhbətin mövzusudur.

O dairə üzrə namizədlərin siyahısına nəzər saldıqda, məlum olur ki, Madər Musayevin elə də ciddi rəqibi yoxdur. Onun tək müxalif rəqibi Müsavat Partiyasından Gülağa Aslanlıdır. YAP-dan göndərilən rəqibi isə internet axtarış resurslarında haqqında hər hansı məlumata rast gəlinməyən Əliyev Anar Məmməd oğludur. Anar Əliyevin də “qurbanlıq namizəd” olduğu şübhə doğurmur. Digər namizədlərdən 5 nəfəri işsiz, 1-i isə təqaüdçüdür.

11 saylı Qaradağ Seçki Dairəsindən hakim partiyanın namizədi professor Aydın Hüseynovdur. Aydın Hüseynov V çağırış Milli Məclisə deputat seçilib. O, deputat fəaliyyəti dövründə xüsusi fəallığı ilə fərqlənməyib. Aydın Hüseynovun müxalif düşərgədən rəqibi isə Müsavat Partiyasından Səxavət Soltanlıdır.

Məlum dairədə cəmi bir nəfər işsiz namizəd var.

12 saylı Qardağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədlərə gəldikdə isə ön plana çıxan şəxs iqtisadçı, ReAL Partiyasından Natiq Cəfərlidir. Natiq Cəfərlinin əsas rəqiblərindən biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Niyaməddin Orduxanlı sayıla bilər.

YAP-ın bu dairədən namizədi Xasayeva Səbinə Səməd qızıdır. Səbinə Xasayeva haqqında bilinən tək informasiya onun yerli bələdiyyə sədrinin müavini olmasıdır. O da hakim partiyanın “statistik namizəd”lərindən biri sayılır.

Mövzunu davam etdirəcəyik.

Səxavət Məmməd

COP29