Yaponiya hökuməti tam tərkiblə istefaya getdi

Yaponiyada baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

Yenicag.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti başçısının ofisi məlumat yayıb.

Qeyd edilir ki, ölkə parlamenti yaxın saatlarda Nazirlər Kabinetinin yeni başçısını təsdiq edəcək.

Yaponiyanına hakim Liberal Demokratik Partiyasının yeni sədri Yosixide Suqanın baş nazir olacağı gözlənilir.

Bundan sonra Suqa yeni hökumətin tərkibini açıqlayacaq.

Əsas vəzifələrin çoxunun Sindzo Abenin son hökumətinin tərkibində olan nazirlərin ixtiyarında qalacağı gözlənilir. Xüsusilə xarici işlər naziri Tosimitsu Moteqi, maliyyə naziri Taro Aso, dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyosi Akaba, həmçinin Olimpiya və Paralimpiya işləri üzrə nazir Seyko Hasimoto və iqtisadiyyatın bərpası naziri Yasutosi Nisimura öz mövqelərində qalacaqlar.

Bundan başqa, müdafiə naziri Taro Kono gözlənilən dəyişikliklər zamanı vəzifəsindən ayrılacaq və yerinə əvvəllər xarici işlər nazirinin müavini olmuş və Sindzo Abenin kiçik qardaşı Nobuo Kisi təyin ediləcək.

Sindzo Abe avqustun 28-də gözlənilmədən xroniki xəstəliyinin kəskinləşməsi səbəbindən öz postunu tərk etmək niyyətini elan edib. O, kabinetin yeni başçısının seçilməsinə qədər vəzifədə qalıb.

Yaponiya parlamentinin hər iki palatası bu gün səsvermə keçirərək, yeni baş naziri elan edəcək. Baş nazir isə nazirliklərin yeni başçılarını təyin edəcək.

Baş nazir partiyalar tərəfindən təqdim edilmiş namizədlər arasında səs çoxluğu ilə seçilir. Bir qayda olaraq, onlar bu partiyaların liderləridir.