Yaponiyada qorxulu xəstəlik aşkarlandı

Yaponiya hakimiyyəti 1992-ci ildən bəri ilk dəfə olaraq ölkənin cənub-qərbindəki böyük Kyusyu adasının ərazisində donuz taunu aşkarlayıb.

Yenicag.az xəbər verir ki, infeksiyanın ocağı Saqa prefekturasında müəyyən edilib. Buna görə yerli təsərrüfatda 10 minə yaxın heyvan kəsiləcək. Prefektura rəhbərliyi taun xəstəliyinin başvermə səbəblərini araşdırmağa başlayıb.

Qeyd edək ki, klassik donuz taunu – donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur. İndiyə kimi bütün ölkələrdə müəyyən olunub. Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: ölüm nisbəti 80-100% təşkil edir. Kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.

Virus insanlar üçün təhlükə yaratmır, lakin insanlar infeksiyanın daşıyıcısı ola bilərlər. Bu xəstəliyin daha təhlükəli növü isə Afrika donuz taunudur.