Yaponiyada baş vermiş güclü zəlzələdə ölənlərin sayı 62 nəfərə çatıb.
Bu barədə regional hakimiyyət orqanları tərəfindən məlumat verilib.
Bildirilir ki, azı 300 nəfər yaralanıb.
Məlumata görə, ölkənin qərbində ən çox zərər çəkmiş Noto yarımadasında xilasetmə işləri afterşoklar fonunda davam edir.
Davam edən təkanlara görə, fəsadların tam miqyası məlum deyil, dağıntılar və dağılmış yollar yardımın çatdırılmasına, həmçinin xilasetmə işlərinə mane olur.
“Vəziyyət fəlakətlidir, evlərin təxminən 90%-i qismən, ya, demək olar ki, tamamilə dağılıb”, – deyə Suzu meri Masuhiro İzumiya prefektura hökumətinin iclasında deyib.
Bu arada torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıqlar edilib.
Son məlumatlara görə, təxliyə edilənlərin sayı 57 360 nəfər olub.
Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində 7,6 bala çatan güclü zəlzələlər baş verib, sunami xəbərdarlığı edilib. Yanvarın 2-də Yaponiya Meteorologiya Agentliyi onu ləğv etdi, lakin yaxın günlərdə və həftələrdə daha güclü təkanların mümkün ola biləcəyini bildirib. Təbii fəlakət 1885-ci ildə müşahidələr başlayandan bəri regionda baş verən ən güclü zəlzələ hesab edilib.