!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yaratdığım əsərlə Lütfi Zadənin öz ağıl və iradəsiylə..." - Ömər Eldarovdan ittihamlara sərt cavab

!Reklam – Yazi

Sentyabrın 6-da görkəmli alim, Koliforniya Universitetinin professoru Lütfi Zadənin birinci ildönümü oldu.

Bu münasibətlə sizləri Yenicag.ru-da Rüstəm Qasımovun “Bakı şəhər heykəltəraşlığı” müəllif layihəsi çərçivəsində dünyaşöhrətli alimin I Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsilə tanış etmək istəyirik.

Abidə Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən yaradılıb. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab etməsindən ilhamlanan Ömər müəllim görkəmli alim üçün qeyri-adi obraz düşünüb.

“Yaratdığım əsərlə onun öz ağıl və iradəsiylə ağır qapıları açdığını göstərmək istəyirdim. Məhz bu, mənim əsas məqsədim idi”,- deyə Eldarov qeyd edib.

Rəssam bu abidə üzərində təxminən 5 ay çalışıb və sonda alimin ruhuna, yaradıcılıq yoluna uyğun fərqli və diqqətçəkən əsər ərsəyə gəlib.

Rəssamın Lütfi Zadə üçün yaratdığı bu qəbirüstü abidə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Eldarovun sözlərinə görə, insanlar standart abidələrə öyrəşdikləri üçün narazılıq bildirərək onu tənqid ediblər. Lakin Ömər Eldarov mütəxəssis əlində kitabla, düşüncəli vəziyyətdə əks olunmalıdır fikrinin Lütfi Zadə dühasına uyğun gəlmədiyini, standart abidənin dünyaşöhrətli alim üçün bəsit qalacağı qənaətinə gəlib:

“Lütfi Zadənin obrazını yaratmazdan öncə onun bioqrafiyasının vacib nüanslarını analiz etdim. Çox təəssüf ki, Azərbaycanda Lütfi Zadə demək olar ki, tanınmır. Onun nəzəriyyələri internet və informasiya texnologiyaları dövründə xüsusi bir önəm kəsb edib.

Yaponiya və Cənubi Koreya kimi ölkələr digərlərindən daha tez Lütfi Zadənin bu nəzəriyyələrindən istifadə etməyə başlayıblar. Bu da həmin ölkələrin informasiya texnologiyaları sahəsində sıçrayış etməklərinə imkan verib. Mənim məqsədim alimin görkəmini təqdim etmək deyildi – baxmayaraq ki, abidəsi ona çox bənzəyir, istəyirdim ki, onun dünyaya bəxş etdiyi önəmli töhfələri simvolik formalarla göstərim. Bu kompozisiyanın əsasını məhz bu nəzəriyyə təşkil edib. Elmin bu ağır qapılarını açmaq çox çətindir. Lakin Lütfi Zadə bunu bacarıb. Aydın olsun deyə, qapının hər iki tərəfində həmin formulu yazmışam. Təbii ki, standart fiqur da etmək olardı. Bəlkə bu zaman bu qədər söz-söhbət də olmazdı. Lakin bu abidə insanı düşünməyə, yaxın gedib onu diqqətlə nəzərdən keçirməyə vadar edir. Burada insanın öncədən hazırlıqlı olması başlıca önəm daşıyır, alimin həyatı və yaradıcılığı barədə məlumat sahibi olmaq vacibdir. Məhz bu zaman abidəni və orada qoyulan mənanı anlamaq asanlaşır. Belə deyim ki, dünya elmi də Lütfi Zadənin dahiyanə kəşfini dərhal qəbul etməyib. Onun önəmini anlamağa zaman lazım gəlib. Alimlər həmin formuldan istifadənin texnologiya və sənayenin inkişafına təkan verdiyini görəndə Lütfi Zadənin dahi olduğunu anladılar. Bilirsiniz, Lütfi Zadənin abidəsini müğənni və musiqiçilərin abidələri ilə müqayisə etmək olmaz”.

“Abidənin duruşuna gəldikdə unutmaq lazım deyil ki, bu qəbirüstü abidədir, meydanda və ya parkda ucaldılan abidə deyil. O çox sayda digər abidələrin də olduğu yerdədir, bunu mütləq nəzərə almaq lazımdır. Əgər abidə sadə olsa, o ümumi kütlənin içərisində seçilməyəcək, insanların diqqətini cəlb etməyəcək. O hətta abidələrin arasında itə də bilər. Ona görə də heykəllər bir-birinə oxşar olmamalıdır. Bəlkə də, bu abidə bir az daha fərqli olub. Lakin nəzərə almaq lazımdır ki, bizim Lütfi Zadə səviyyədə alimlərimizin sayı elə də çox deyil. Bu cür düha xüsusi yanaşma tələb edir. Axı o dünya miqyaslı şəxsiyyətdir”, -deyə Eldarov qeyd edib.

Bənzərliyə gəldikdə isə, rəssam Lütfi Zadənin yaxın qohumu olan Cənnət Səlimovanın heykəllə alimin şəkli arasındakı böyük oxşarlığı təsdiqlədiyini bildirib: “Bu oxşarlıq xarakterdə, üzün ifadəsində, geyiminin qatlarında və s. müşahidə olunur. Peşəkarlar bu əsərə heyrandırlar. Mən hər zaman standart kompozisiyalardan qaçmışam. Nəsə yeni bir şey yaratmağa səy göstərmişəm. Məsələn, şairə Xurşudbanu Natəvanın heykəli kimi. Bu heykəldə onu oturaq vəziyyətdə təsvir etmişəm, hansı ki, həmin illər üçün bu qəbul olunmurdu”.

www.yenicag.az

2885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv