Yardımdan məhrum sahibkarlar MÜFLİSLƏŞMƏ İLƏ ÜZ-ÜZƏ – Fəaliyyət növü dəstəksiz qalanlara yardım olacaq?

Məlum olduğu kimi, Azərbaycan hökuməti qısa müddətdə pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatını aparıb. Bu təsnifat əsasında fəaliyyət kodları dəstək proqramı siyahısına salınan sahibkarlara dövlət yardımı göstərilməsi nəzərdə tutulub və bununla bağlı prosesə artıq start verilib.

Belə ki, sahibkarlara muzdlu işçilərin əmək haqlarının ödənilməsilə bağlı hökumətin yardım paketində nəzərdə tutulan ödəmələr artıq sahibkarların bank hesablarına köçürülməyə başlayıb.

Təbii ki, bu olduqca təqdirə layiq haldır və hökumətin belə böhran şəraitində operativ reaksiya göstərərək, sahibkarları dəstəkləməsi müsbət qarşılanır. Belə ki, bu yardım xüsusilə onsuz da ağır duruma düşən kiçik və mikro sahibkarlıq subyektlərinin pandemiya və karantin dövründə öz işçilərinə əməkhaqqı ödənişlərini vaxtında həyata keçirməsi üçün əhəmiyyətli dəstəkdir.

Lakin 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramından kənarda qalan sahibkarlar da kifayət qədər çoxdur. Fəaliyyət növləri yardım siyahısına salınmayan belə sahibkarların bir çoxunun obyektləri Hökumət yanında Operativ Qərargah tərəfindən qoyulan qadağalarla əlaqədar faktiki olaraq bağlıdır. Onların fəaliyyətinə hüquq-mühafizə orqanları tərəfindən icazə verilmir.

Məsələn, dəftərxana ləvazimatlarının pərakəndə satışı, yaxud fotosurət, sənədlərin hazırlanması və sair xüsusi inzibati xidmətlərin göstərilməsi(təsnifat kodu 82190), fotoqrafiya sahəsində fəaliyyət(təsnifat kodu 74200) və digər çoxsaylı fəaliyyət növləri var ki, faktiki olaraq, pandemiya səbəbilə işləmələrinə imkan verilmir, ancaq bununla yanaşı muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramından da kənarda qalıblar.

Redaksiyamıza müraciət edən bu qəbildən olan bəzi sahibkarlar bu gedişlə işçilərinin əməkhaqlarının ödənilməsi, eləcə də vergi və sosial öhdəliklərinin yerinə yetirilməsi imkanlarının olmayacağını bildirirlər.

Sözügedən proqramdan kənarda qalanlar sırasında məsələn, şirniyyat məhsullarının istehsalı və satışı ilə məşqul olanlar da var. Misal üçün, qənnadı məmulatlarının istehsalı və satışı(təsnifat kodları 47240 və 10710) ilə məşğul olan obyektlər də reallıqda pandemiyadan ciddi zərər çəkən sahibkarlıq subyektlərdir.

Onların fəaliyyəti qadağan olunmasa da, məlum səbəbdən istehsal və satış həcmi dəfələrlə azalıb. Adətən belə obyektlərdə çoxlu sayda işçi çalışır. Təqdirə layiq haldır ki, bu sahədə də fəaliyyət göstərən sahibkarların böyük əksəriyyəti ölkə başçısı və hökumətin çağırışlarına cavab olaraq, işçilərini ixtisar etməyiblər. Lakin əvəzində hökumətin belə sahibkarları yardım proqramından kənarda saxlaması, onların bundan sonrakı fəaliyyətini sual altında qoyur.

Müqayisə üçün qeyd edək ki, məsələn avtomobil ehtiyat hissələri satışı və avtomobil təmiri kimi sahələr üzrə sahibkarlıq subyektlərinə heç bir qadağa qoyulmayıb və belə obyektlərin çoxu (“Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı “maşın bazarı” istisna omaqla – C.M.) hazırda işləyir. Bununla yanaşı, belə sahibkarlıq subyektləri muzdlu işçilərlə bağlı dəstək proqramına daxil edildiyi halda, fəaliyyətinə faktiki qadağa qoyulan və hazırda işləyə bilməyən, yaxud qənnadı, şirniyyat məmulatı istehsalı və satışı kimi ciddi zərə görən sahibkarlıq subyektləri proqramdan kənarda qalıb…

Onu da qeyd edək ki, hökumətin sahibkarlıq subyektlərinə dəstəyi təkcə muzdlu işçilərin əməkhaqları ilə bağlı deyil və digər dəstək tədbirləri də nəzərdə tutulub. Ancaq sahibkarlar ümid edirlər ki, yuxarıda qeyd edilən sahələr də nəzərə alınacaq və istər hazırda davam edən muzdlu işçilərə əmək haqqlarının ödənilməsi, istərsə də digər dəstək addımlarında onlar da mütləq nəzərə alınacaqlar./Azpolitika.az/