Yarımçıq sülhlə məhvə sürüklənən UKRAYNA – “Vaşinqtona maraqlı deyil ki…”

“Ukrayna ərazilərinin itkisi hesabına sülhdən danışacağıqsa, bu, beynəlxalq hüququn pozulması deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir edəcək bəyanatların səslənməsi ilə Kiyevin danışıqlar masasına oturma ehtimalından danışan politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna arasında danışıqların baş tutması üçün təmaslar gedir:

“Hətta Trampın köməkçisinin Moskvaya getməsi ilə bağlı məlumatlar dərc olundu. Bu isə yeni ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı ciddi addımlar atmaq istəyindən xəbər verir. Lakin diqqət çəkən məqamlar var, yəni ABŞ öz maraqları çərçivəsində sülh müqaviləsi istəyir. Habelə Rusiyanı sanksiyalarla hədələyib, sonradan danışıqlara hazır olduğunu deməsi, eyni zamanda, Ukraynanı yardımların kəsilməsi ilə şantaj edib, daha sonra yenidən yardım ayırması Kreml və Kiyevin maksimalist mövqeyinin Vaşinqtona maraqlı olmadığının göstəricisidir”.

“Proseslər dalana dirənib, yekun sülhün əldə olunması isə çox çətindir. Əgər Ukrayna ərazilərinin itkisi hesabına sülhdən danışacağıqsa, bu, beynəlxalq hüququn pozulması deməkdir. Digər tərəfdən, Rusiyanın razı olmaması prosesləri uzadır. Trampın vasitəçiliyi ilə müvəqqəti atəşkəs razılaşması əldə oluna bilər. Ancaq reallıq Krımın qaytarılmayacağı, eləcə də Donetsk və Luqanska muxtariyyət tələb olunacağından ibarətdir”, – deyə o, sözlərini bitirib.

Nəsimi Ələsgərli