Bu gün Gənclər və İdman Nazirliyində boks, güləş və cüdo üzrə dünya çempionatlarında medallar qazanan Azərbaycan milli komandalarının üzvləri ilə görüş keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirə Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev federasiyaların rəsmiləri, yığmanın məşqçiləri və idmançılar qatılıb.
Qalibləri təbrik edən Mənsurov bildirib ki, veteran idmançıların artıq məşqçi kimi uğur əldə etmələri sevindirici haldır:
“Güləşçilərimiz Parisdə 2 qızıl və 1 bürünc medal qazandılar. Mükafat əldə edə bilməyənlərə ruhdan düşməməyi tövsiyə edirəm. Hacı Əliyevi üçqat dünya çempionu olması münasibətilə xüsusilə təbrik edirəm. Hamburqda təşkil edilən boks üzrə dünya çempionatında Məhəmmədrəsul Məcidov da üçqat çempion oldu. Cüdoçularımızın da qızıl medal qazanmaq vaxtıdır. Onlar bu dəfə gümüş və bürünc əldə etdilər. Mövlud Mirəliyev, Mehman Əzizov kimi veteran cüdoçular artıq məşqçi kimi sözlərini deyirlər”.
Nazirlik rəsmisi üçqat dünya çempionu tituluna sahib çıxan sərbəst güləşçi Hacı Əliyev və boksçu Məhəmmədrəsul Məcidova prezident təqaüdü təyin edildiyini də vurğulayıb.
Eyni zamanda Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti olan A.Abıyev Azərbaycan idmançılarının davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiklərini söyləyib:
“Artıq 65 ildir boksdayam. Müstəqillik illərində qazandığımız nailiyyətlər heç vaxt olmayıb. İldən-ilə uğurlarımız artır. Məhəmmədrəsul Məcidov isə yeni bir səhifə açdı. Çünki Azərbaycanda boks üzrə heç vaxt üçqat dünya çempionu olmamışdı. Bir neçə il əvvəl Kamran Şahsuvarlını ancaq Bakıda tanıyırdılar. İndi bütün dünya tanıyır. Bütün idmançılarımızı təbrik edir, uğurlar arzulayıram”.
ABF-nin baş katibi Nağı Səfərov isə əlavə edib ki, əvvələr uğurlardan danışılırdısa, artıq rekordlardan söz açılır:
“Bütün dünya Məhəmmədrəsul Məcidovdan danışır. Hamburqdakı yarışadək 4 ölkədə üçqat dünya çempionu vardı. Kuba, Bolqarıstan, Rumıniya və Çindən sonra Azərbaycan beşinci oldu”.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Firdovsi Umudov dünya çempionatının önəminə diqqət çəkərək deyib ki, bundan sonra daha səylə çalışmaq lazımdır:
“Nəticəni qoruyub saxlamaq daha çətindir. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək çoxlu sayda beynəlxalq yarış var. Qarşıdakı turnirlərdə də uğurlu çıxış etməliyik”.
Cüdo yığmasının məşqçisi Mehman Əzizov bildirib ki, Budapeştdə təşkil olunan mundialda qızıl medal qazanılmasa da, Azərbaycan idmançılarının çıxışı uğurlu olub:
“Gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək. Həmin yarışda ən azı 2 qızıl medal əldə etməyə çalışacağıq”.
Öz növbəsində H.Əliyev bildirib ki, hədəfi olimpiya çempionluğudur:
“Üçqat dünya çempionu olduğum üçün sevinirəm. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Əsas hədəfim odur ki, olimpia çempionu olum”.
M.Məcidov isə əldə etdiyi nailiyyəti Azərbaycanın ümumi qələbəsi kimi dəyərləndirib:
“Yarış vaxtı oğlumun dünyaya gəlməsi mənim üçün böyük stimul oldu. Kamran Şahsuvarlı nə hisslər keçirdiyimi gördü. İstəyirəm ki, oğlum gələcəkdə mənimlə fəxr etsin. Bu, çox xoş olar”.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş cüdo üzrə dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar. Almaniyanın Hamburq şəhərindəki dünya çempionatında Azərbaycanın 2 boksçusu fəxri kürsüyə yüksəlib.
Məhəmmədrəsul Məcidov (91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal əldə edib. Fransanın paytaxtı Parisdə təşkil olunmuş mundialda isə Hacı Əliyev (61 kq) qızıl medal və Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) yarışı bürünc medalla başa vurub. Daha bir bürünc medalı isə yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) əldə edib.