Yas mərasimlərində İSRAFÇILIQ: “Buna QMİ-nin sədri Allahşükür Paşazadə riayət etmədi”

“Əvvəllər belə adətlər var idi ki, insanların yaxınları dünyasını dəyişdikdə onların qonşuları, qohum əqrabaları yemək bişirib gətirərdilər ki, uzaqdan yaxından gələn insanlar ac-susuz qalmasınlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yas mərasimlərində yemək verilməsinin İslam dinində yeri və mərasimlərdə yol verilən israfçılıq haqda danışan ilahiyyatçı Əkrəm Həsənov deyib.

 

Onun sözlərnə görə, yas yerlərində israfçılığın qarşısının alınması vacib hal kimi qəbul olunmalıdır:

“Əlbəttə, bizim bütün adət-ənənələrimiz İslam dininin qayda qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Bunu Qurani-Kərimə əsasən, Peyğəmbərimizin hədislərinə əsasən, həm həyat tərzimizi, həm də ona uyğun olaraq yaşamalıyıq. Əvvəllər belə adətlər var idi ki, insanların yaxınları dünyasını dəyişdikdə onların qonşuları, qohum əqrabaları yemək bişirib gətirərdilər ki, uzaqdan yaxından gələn insanlar ac-susuz qalmasınlar. Artıq müasir dövrdə elə şərait yaranıb ki, bütün əvvəlki şadlıq mərasimləri yas mərasimlərinə çevrilib. İnsanlar bundan da mənfəət üçün istifadə edərək, xeyli gəlir əldə edir və burada görürük ki, qida təhlükəsizliyinə də heç riayət də olunmur. Hətta bu məsələdə dövlət səviyyəsində də məsələ qaldırıldı ki, yas mərasimlərində çox israfa yol verilməsin. Sadə çayla, yaxud çox uzqdan gələn varsa, ona yemək verməklə mərasim həyata keçirilsin. Lakin buna Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə riayət etmədi”.

İlahiyyatçı qeyd edib ki, Bu gün bir çox bölgəmizdə yas mərasimləri çox təntənəli şəkildə qeyd olunmur:

“Həmin bölgələrdə yerləşən məscidlərə dövlət tərəfindən təyin olunan imamlar insanlara öyrədirlər ki, yasda yemək vermək, çox israfçılığa getmək dinimizdə yoxdur. Ancaq bu gun ki, gündə bu problem hələ də məsələ kimi qabardılır. Çünki cəmiyyət özü bu işlərə əməl etmirlər. Bəzi yerlər insanlar yas yerinə gəldikdə yemək görməyəndə narazılıq edirlər. Bu məsələdə kütləvi hal kimi insanları da qınamaq olmur, amma şəriətə də heç kim əməl etmək istəmir. Nə Allah-Təalanın buyurduqlarına qulaq asan var, nə də Peyğəmbərimizin dediyi hədisləri riayət edən var. Hər kəs öz bildiyinin daha yaxşı olduğunu hesab edir. Bir çox insanda dünyasını dəyişmiş yaxınına görə hətta borca belə düşür, çevrədəki insanlar da yardım etmir. Bu məsələnin kökü birmənalı şəkildə təkcə biz insanlardan deyil, dövlət orqanları da öz mövqeyini ortaya qoymalıdır. Ən birinci növbədə insanlar maarifləndirilməldir. İslam dinində yas mərasimlərini təntənəli şəkildə qeyd etmək deyə bir şey yoxdur. Dinimizdə israfçılıq da qadağan olunub. Hətta İslamda 3 gündən artıq yas saxlamaq da yoxdur”.

İsmayıl Bakuvi

COP29