Diaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti dərs dekabrın 3-də Yasamal rayonundakı 13 saylı tam orta məktəbdə keçirilib. Öncə 13 saylı məktəbin direktoru Yaqut Sadıqova çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
DJB sədri Fuad Hüseynzadə layihənin könüllü icra edildiyini və Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb: “Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.
O, diasporumuzun Azərbaycanın səsi olduğunu deyib: “Diasporun əsas fəaliyyəti ölkə həqiqətlərini xaricdə təbliğ etməkdir. Bununla yanaşı diaspor həmrəy olmalı və vətənlə əlaqələrini möhkəm qurmalıdır”.
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında məlumat verib: “Araşdırmalar göstərir ki, Azərbaycan diasporu da dünyada gənc-diaspor kateqoriyasına artıq daxil edilib. Bu, çox sevindirici haldır. Dünyanın 70 ölkəsində bizim soydaşlarımız yaşamaqdadır”.
Əbülfəz Şeydabəyovun sözlərinə görə, xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır: “Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”.
Hollandiya-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor olaraq həyata keçirdikləri layihələrdən danışıb: “Ötən illərlə müqayisədə hollandların bu gün Azərbaycan haqda fikirləri çox dəyişib. Məsələn, 15 il bundan qabaq onlara Azərbaycan adını deyəndən çox da tanımırdılar. Amma bu gün Azərbaycanın qazandığı siyasi-iqtisadi uğurlar, apardığı informasiya savaşı öz müsbət nəticələrini verib. Ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq tədbirlər də tanınmamıza çox böyük təsir edib”.
Elxan Mirhəşimli deyib ki, Hollandiyadakı diasporumuzermənilərə qarşı mübarizədə aktivdirlər: “Bu gün Azərbaycan diaspor təşkilatları tərəfindən ermənilərin Azərbaycana qarşı apardıqları yalan təbliğatların qarşısı alınır. Hollandiyada yaşayan azərbaycanlılar tərəfindən hər il 20 Yanvar, Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq anım tədbirləri keçirilir. Ümumiyyətlə, bu kimi tədbirlərdə bütün vətənsevər dostlarımız bir araya gəlir”.
Diaspor Jurnalistləri Birliyinin sədr müavini Əli Zülfüqaroğlu Azərbaycan diasporunun prioritet və hədəflərindən danışıb.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə deyib ki, Azərbaycan diasporu bu gün mütəşəkkil gücə çevrilib.
Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.
DJB-nin Mətbuat xidməti