Avtosfer.az saytı Rufik adlı oxucusunun məktubunu dərc edib. Virtualaz.org təsvir olunan hadisənin tez-tez baş verdiyini və günahkarların əksər hallarda ictimai qınaqdan, eləcə də inzibati cəzadan kənarda qaldığını. həmçinin vətəndaşların belə olaylara laqeyd yanaşdığını, müvafiq orqanlara müraciət emədən onları qınamaqla kifayənləndiklərini nəzərə alaraq həmin məktubu öz oxucularına təqdim edir…
Oktyabrın 13-ü işdən çıxıb “Elmlər Akademiyası” metrosunun yanındakı dayanacağa gedərkən, xoşagəlməz hadisənin şahidi olmuşdum. Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki 4 yol ərazisində «KİA» markalı avtomobili idarə edən gənc sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozurdu. İnsanların gur olduğu yerdə işıqforun onun üçün qırmızı işığına əhəmiyyət vermədən, öz hərəkət zolağından çıxaraq, qoşa xətti tapdalayıb əks yola çıxmaqla yanaşı, maşını piyada zolağında hərəkətdə olan tələbə qızların üstünə sürürdü. Bu “sürücü” həm piyadalar, həm də digər sürücülər üçün təhlükəli anlar yaşadırdı.
O an öz bacımı, həyat yoldaşımı həmin qızların yerində təsəvvür etdim və gənc “sürücü”nün bu hərəkətlərindən çox əsəbiləşdim. Amma əsəbimi heç də onun yaxasından tutmaqla, dava-dalaş salmaqla çıxarmadım. Həmin avtomobilin dövlət nömrə nişanını, hadisənin baş verdiyi ərazini, dəqiq vaxtı özülüyümdə qeyd edib, səhərisi gün Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polis İdarəsinə öz adımdan rəsmi qaydada müraciət etdim. Müraciətimdə baş vermiş hadisəni tam dəqiqliklə təsvir elədim və tələb etdim ki, həmin “sürücü” tapılaraq qanun çərçivəsində cəzalandırılsın.
Xüsusilə qeyd etdim ki, həmin “sürücünü” tanımıram, onunla heç bir şəxsi-qərəzliyim yoxdur və etdiyim əməl sırf vətəndaş mövqeyindən irəli gəlir. Oktyabrın 18-də Daxili İşlər Nazirliyindən rəsmi cavab gəldi ki, müraciətinizə baxılıb tədbir görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilib.
Noyabrın 27-də isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən ünvanıma cavab məktubu göndərilib. Məktubda bildirilib ki, müraciətim araşdırılıb, qaydaları pozan “sürücü” aşkar edilib, ərazidəki müşahidə kameraların yaddaşındakı videogörüntülər vasitəsilə onun günahı tam təsdiqini tapıb və o, İnzibati Xətalar Məcəlləsinin 151.3-1 və 151.2 maddələrinin tələblərinə uyğun olaraq cəzalandırılıb. Bu, üst-üstə 7 bal və 160 manat cərimədir. Amma bəlli ki, həmin “sürücü” bundan başqa da əməlli-başlı “tərləyib”, “qazı” alınıb. Eşitdiyimə görə o, “sürücünün” ailəsində də buna görə çox böyük narahatlıq yaşanıb. O gün, bu gün nə həmin “sürücünü”, nə də onun idarə etdiyi maşını “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görmürəm. Sözümün canı budur ki, heç kimdən və heç nədən çəkinmədən, siyasi məqsəd güdmədən, hər zaman vətəndaş mövqeyi bildirməkdən çəkinməyək, cəmiyyətdəki əyrintilərə qarşı sivil qaydada mübarizə aparaq. Bu Vətən də, bu dövlət də bizimdir…”