!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşar Məmmədov: “Federasiyanın idmançıları və işçi heyəti maaş üzünə həsrətdir”

!Reklam – Yazi

musahibeAzərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti, 40 ilə yaxın milli komandanın baş məşqçisi olmuş Yaşar Məmmədov Yeniçağ.az-a müsahibə verib.

O, rusiyalı milyarder Əlişir Usmanovun oğluna verdiyi dəyərdən, oğlunun erməni tələbəsindən və Azərbaycan Qılıncoynatma Federasiyasının bərbad vəziyyətindən danışıb.

– Bildiyimiz kimi, oğlunuz İlqar Məmmədov Rusiyada qılıncoynatma millisinin baş məşqçisidir. Sevindirici haldır ki, bu yaxınlarda onun adı Ximki şəhərində tikilməkdə olan qılıncoynatma mərkəsinə verilib. Bunu gözləyirdinizmi?

– Həmin mərkəz çox böyük bir yerdir. Mənə çoxdan deyilmişdi, inanmamışdım. Bunun da səbəbi oğlumun tələbələrinin Rioda qızıl medal qazanması idi. Komandanın məhz o uğurundan sonra Rusiyanın prezidenti Putindən təbrik gəldi.

Onu da deyim ki, İlqarın həyat yoldaşı Yelena Jemayeva bir vaxtlar Azərbaycanı təmsil edirdi. Rusiyanın ölkə başçısı Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışarkən, maraqlı bir fikir bildirmişdi. Demişdi ki, bizim ölkələrin bir-birinə həddən artıq yaxınlığını azərbaycanlı İlqar Məmmədovun Rusiyanın bayrağını, rus qızı Yelena Jemayevanın isə Azərbaycan bayrağını qaldırması bir daha sübut edir.

Onu da deyim ki, rusiyalı milyarder, Beynəlxalq Qılıncoynatma Federasiyasının rəhbəri Əlişir Usmanov İlqara zəng vuraraq təbrik etmişdi. Bildirmişdi ki, həm qızıl, həm də gümüş medal qazanan idmançıya da çempion mükafatı təqdim edəcək. Elə də oldu.

Zəngdən sonra oğlumdan soruşdum ki, mükafat nə qədər nəzərdə tutulub? Oğlum dedi ki, 2015-ci ildə dünya çempionu olanda 1 milyon 200 min dollar vermişdi. İndi ən azı 2 milyon dollar olar.

– Oğlunuzun Rusiya milli komandasına rəhbər təyin olunması necə baş tutub?

– 2012-ci ildə Rusiyanın qılıncoynatma federasiyası Olimpiya oyunlarında məğlub olmuşdu. Həmin vaxt Usmanov İlqarı yanına çağırıb demişdi ki, səni Rusiya qılıncoynatma millisinə baş məşqçi təyin edirəm. Oğlum bildirmişdi ki, “bəlkə Pozdnyakovu bu vəzifəyə gətirəsiz. Çünki o, dördqat Olimpiya çempionudur, həm də rusdur. Məni isə azərbaycanlıyam və ikiqat Oİlimpiya çempionuyam”.

Usmanov da deyib, yox, o vəzifəni icra etmək üçün zəifdir, ən yaxşı namizəd sənsən. 2013-cü ildə oğlumun rəhbərliyi ilə Rusiya qılıncoynatma millisi II yerə çıxdı. Bundan sonra ona ev və maşın hədiyyə edildi. Həmçinin də böyük məbləğdə pul mükafatı verildi.

2014-cü ildə yenə I yerə çıxıb, 150 min dollar mükafat qazandılar. Oğlum 4 ildir Rusiya yığmasının baş məşqçisidir. Onun əlinin altında çoxlu dünya və olimpiya çempionları var.

– Yaşar müəllim, oğlunuzun çalışdırdığı komandada erməni idmançının olmasından yazıldı. Və bu məsələdə oğlunuz İlqar Məmmədovun adı çox hallandı.

– Düzdür, bu barədə çox yazıldı. Yana Yeqoryan erməni qızıdır, azərbaycanlı məşqçisi var. Amma mən deyim ki, o, heç erməni dilində danışa da bilmir. Yana Rusiyada doğulub, həmin ölkənin də vətəndaşıdır. Onun Ermənistandan heç xəbəri də yoxdur.

– Siz burada uzun illərdir qılıncoynatma milli komandasında baş məşqçi, sonra da vitse-prezident kimi çalışmısız. Bəs nə əcəb oğlunuz Rusiyaya üz tutdu?

– O, Azərbaycan tarixində ilk Olimpiya çempionlarındandır. 1989-cu ildə Dünya çempionu, 4 dəfə Avropa çempionu titulunu qazanıb.

Hələ o vaxt, xalq cəbhəsinin vaxtında İlqara 11 ay yarışlarda iştirak etməyə icazə vermədilər. Sonda o da bezdi və mənə “ata, icazə ver Rusiyaya gedim, oradan çıxış edim”- dedi.

Əvvvəlcə razı olmadım. Düşündüm, mənə deməzlər ki, oğlun niyə öz ölkəsində qalıb yarışmır, gedib başqa ölkəni təmsil edir?

Oturub Nazirlər Kabinetinə məktub yazdım. Bildirdim ki, dünya və Avropa çempionu 11 aydır ki, yarışa buraxılmır. Gözlədim, xəbər çıxmadı. Ancaq ondan sonra İlqara getmək üçün icazə verdim.

Rusiyada onun uğurlarını çox yaxşı qiymətləndirdilər. 1993-cü ildə kapitan rütbəsi verdilər. 1994-cü ildə Hərbçilər Arasında Dünya Olimpiya Oyunlarında qızıl medal qazandı. O zaman oğluma növbədənkənar mayor rütbəsi verdilər. Həmin vaxt onun heç 30 yaşı da yox idi. 1996-cı ildə ikinci dəfə Olimpiya çempionu olanda polkovnik-leytenant rütbəsi aldı. Onun həyat yoldaşı da Avropa və ikiqat Dünya çempionudur. Dəfələrlə Avropa və Dünya çempionatlarının digər medallarına sahib olub.

– Yaşar müəllim, səhv etmirəmsə, siz “Babək” filmində rol almısınız?

– Bəli. Orda Əbu İmran rolunu canlandırmışam. Hətta məndə arxivdə Cavidan rolunu canlandıran Şahmar Ələkbərovla qılıncla vuruşma səhnəsindən şəkil də var. Yaxşı ki, o filmə çəkildim. Ən azı gözəl xatirədir.

– Federasiyanın problemləri nədən ibarətdir?

– Azərbaycan Qılıncoynatma Federasiyasının idmançıları və işçi heyəti uzun müddətdir ki, maaş üzünə həsrətdir. Federasiyanın rəhbəri Nazim İbrahimov bizi pis vəziyyətdə qoyub. Onunla dəfələrlə görüşmək istəsəm də müxtəlif bəhanələrlə məndən qaçıb. İşçi heyətinin 18 aylıq maaşını ödəməlidir. Bu vaxta kimi işçilərin pulunu mən vermişəm. Onları qaytarmalıdır. Həm də idmançılara verəcəyi pullar var. Olimpiadaya qədər pulu gec də olsa, ödədi. Ancaq ondan sonra maaşları verməyib. Deyib ki, aprelə qədər bütün borc ödənəcək. Gözləməkdən başqa çarə yoxdur”.

Aygün İlqarqızı
Yeniçağ.Az

www.yenicag.az

2213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv