Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yaşıllıq ərazinin hasara alınaraq, tikinti aparılması ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan Bakı şəhər sakini Nazil Qasımov tərəfindən ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkar edilib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən fiziki şəxs qismində 300 manat məbləğində cərimə olunub.
Hasara alınan ərazidəki 2 ədəd Sərv ağacının qorunub saxlanması və aqrotexniki qulluq göstərilməsi məqsədilə N.Qasımova icrası məcburi olan “məcburi göstəriş” verilib.