Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yaşıllıqla əhatə olunmuş "ada"da bir gün - VİDEOREPORTAJ

Yayın gəlişi ilə havalar daha da isinir, insanın ruhu şəhərdən çıxmağa, Vətənimizin dilbər guşələrinə getməyə can atır. Azərbaycanın hər bir bölgəsi bura səfər edən insanlarda uzun illər boyu xatirəsindən silinməyəcək təəssüratlar yaradır. Bu mənada biz də istisna olmadıq, hər bir turistin diqqətini cəlb edəcək bir məkana yollandıq.

Yolumuz Şimala, Qusar rayonunadır. Burada nəhəng qayalar arasında 1300 m yüksəklikdə Laza kəndi yerləşir. Yayın istisindən təngə gələn hər kəs buradakı sərin havadan həzz ala və möhtəşəm gözəlliyə malik şəlalələri seyr edə bilər.

Yolumuz öncə Qubadan keçir. Bu yol sanki yaşıl xiyabanı xatırladır. Qoz ağaclarının cərgəylə düzülüşü əsrarəngiz mənzərəni gözlər önünə sərir. Bir müddət sonra Qusara çatırıq.

Yol getdikcə, daha həyəcanlı, daha maraqlı olmağa başlayır. Bir döngədən digərinə keçir, getdikcə daha yüksəyə qalxırıq. Bir neçə kənddən keçdikdən sonra bir məkanda dayandıq. Burada sanki gözəl bir mənzərəyə pəncərə açılır.

Gözoxşayan landşaftı seyr edə-edə yola davam edirik, getdikcə daha da yüksəyə qalxırıq. İnsanın beynində sadəcə bir fikir dolaşır: “Təbiət ana necə də möhtəşəmdir”.

Nəhayət çatırıq Lazaya. Burada təxminən 30 ev var. Bu evlərdə isə 150-ə yaxın insan yaşayır. Kənddə ibtidai məktəb də fəaliyyət göstərir. Kənd camaatı öz aralarında ləzgi dilində danışırlar. Lakin Azərbaycan və rus dillərində də sərbəst ünsiyyət qura bilirlər. Kənddə bir neçə əsr əvvəl inşa edilən qədim məscid yerləşir.

Laza bir növ adanı xatırladır. Lakin bura okeanla deyil yamyaşıl xalılarla əhatə olunub. Qış fəslində isə hər tərəf qalın qar örtüyünə bürünür.

Lazaya turist axınını cəlb edən ən mühüm özəlliyi buz kimi suyu olan dağ şəlalələridir. Qışda donmuş şəlalələrdə buza dırmanma və alpinizm üzrə yarışlar keçirilir.

Bu gözəllikləri gördükcə həm yaddaşına, həm də kamerana həkk etmək istəyirsən. Əminəm ki, buradakı təəssürat hələ uzun zaman məni tərk etməyəcək.

Bu gözəlliyi arxada qoyub şəhərə qayıtmaq o qədər də asan iş deyil. Lakin çətinliklə də olsa təbiətin bu dilbər guşəsiylə vidalaşmalı oluruq. Qarşıda bizi Azərbaycanın digər biri-birindən möhtəşəm bölgələri gözləyir.

Rüstəm Qasımov

www.yenicag.az

2385
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100