!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Yataq, arvad-uşaq, qucaqlaşma, sevgi…” - Azərbaycanda serial bazarı niyə yoxdur?

!Reklam – Yazi

Hər il Türkiyənin saysız-heçabsız istehsalçı şirkətləri çəkdiyi seriallarla reytinqləri üstələmək, bazarı tutmaq üçün sərmayə qoyur. Həmin serialları dünya bazarına çıxararaq, milyardlarla gəlir əldə edirlər. Hətta elə seriallar var ki, bir neçə bölümü yaymlandıqdan sonra xarici ölkələrə satılır. Azərbaycanda da seriallar çəkilir, amma bu işi nəinki biznesə çevirə bilmişik, heç yerli bazar belə formalaşmayıb.

Yenicag.az peşəkarlara müraciət edərək, bunu səbəblərini araşdırmağa çalışıb.


“Seriallarda ancaq yataq, arvad-uşaq, qucaqlaşma…”

Tanınmış rejissor Tahir Əliyev serialların mövzularının əyalət çərçivəsindən çıxmamasını Azərbaycanda serial bazarının formalaşmasına mane yaradan birinci səbəb kimi görür: “Türkiyə seriallarının xarici bazarda satılmasının səbəbləri var; həmin ölkənin əhalisi çoxdur. Avropa baxıb görür ki, bu serialın Türkiyədə 50 min izləyicisi varsa, alır. Digər əsas səbəb isə, bu serialların dünyəvi mövzunu əhatə etməsindədir. Türk rejissorları “Muhteşem yüzyıl”, “Diriliş Ertuğrul” kimi seriallar çəkir. Mən Sloveniyada olanda, gördüm ki, çoxları “Muhteşem yüzyıl”, “Kara sevda” serialından danışır. Bizdə isə tutalım ən bərkgedən, reytinqli serialımız “Vicdan haqqı”ıdır. Gəncəli kişinin iki arvad alması fransıza nə dərəcədə maraqlı gələ bilər? O serail avropalını maraqlandırmayacaqsa, ona baxmayacaq. Bizim seriallarda ancaq yataq, arvad-uşaq, qucaqlaşma, sevgi-bundan kənara çıxa bilmirlər. Dərd burasındadır ki, melodramanı da normal şəkildə çəkib, təqdim etmirlər. “Anna Karenina” da sevgi mövzusundadır, amma bütün dünya baxır. Çünki dünyəvilik var”.

“Seriallardan ancaq kreditini bağlayan aktyorlar, aktrisalar qazandı”

Rejissor vəziyyətdən çıxış yolu da göstərib:

“Əgər bizdə Həzi Aslanovla bağlı bir serial çəkilsə, buna ruslar da baxacaq. Çünki adam sovet ölkəsi üçün vuruşub, tanınmış şəxsdir. Yusif Məmmədəliyevlə bağlı çəkilən serial fransız üçün də maraqlı olacaq. Şah İsmayıl Xətai barədə dünyəvi bir serial çəkilsə, avropalının da diqqətini çəkəcək. Təki serail çəkim, telekanal rəhbərini sevindirim, arvadlar da gecələr tum çırtlaya-çırtlaya outurb tamaşa etsinlər-bizimkilər ancaq bunu fikirləşir. Azərbaycan efirində son beş ildə çəkilən seriallardan ancaq kreditini bağlayan aktyorlar, aktrisalar qazandı, vəssalam”.

“Türkiyədə bu işə biznes kimi baxırlar”

Rejissor Samir Kərimoğlu yerli serial bazarının olmamasını bir neçə səbəblə əlaqələndirib:

O, qardaş ölkədə bu işə böyük yatırımlar olunduğunu bildirib:

“Türkiyədə böyük şirkətlər seriallara sərmayə buraxır və bu işə biznes kimi baxırlar. Buradan qazanılan gəlir hesabına serialların sayını artırırlar. Yüksək qonorar ödəyərək, peşəkar və tanınmış aktyorlar cəlb olunur, nəticə etibarı ilə ortaya keyfiyyətli iş çıxarırlar. Eyni zamanda, reklam cəlb etməklə, serialların satışını təşkil edirlər. Həmin serialları dövriyyəyə buraxaraq, milyardlar qazanırlar.
Bizdə seriallara sadəcə televiziyalar büdcə ayırır, o da çox az miqdarda. Beş-on minə üç-beş seriya çəkdirir. Bu da boş əziyyətdən başqa bir şey deyil. Yerli serial bazarının olması üçün ortaya keyfiyyətli iş qoyulmalıdır. Televiziya böyük büdcə ayırmalıdır ki, keyfiyyətli ssenari, rejissor işi və aktyor oyununu özündə birləşdirən seriallar çəkilsin. Belə olan halda, tamaşaçı həmin seriallara baxacaq. Nəticədə investorlar həmin seriallar üçün sərmayə qoymağa maraqlı olacaqlar”.

“Demirəm, türk serialları ilə kəllə-kəlləyə gələ bilərik, amma…”

Bir çox seriallarda baş rollara çəkilən tanınmış aktyor Abbas Qəhrəmanov yerli bazarın olmamasını əsasən üç səbəblə əlaqələndirir:

“Birincisi texniki imkanlar istənilən səviyyədə deyil. Türkiyə və digər ölkələrlə müqayisədə geridə qalırıq. Təbii ki, texniki imkan deyəndə, burada dekorasiyalar, montaj işi, avadanlıqlar və s. nəzərdə tutulur. Digər səbəb büdcə ilə bağlıdır. Seriallar televiziyaların müəyyən büdcəsi ilə çəkilir. Demirəm bu dəqiqə gətirib milyon versələr, ortaya yüksək meyarlara cavab verən iş ortaya çıxarılacaq. Bunun üçün müəyyən mərhələlərdən keçməliyik. Ssenari, rejissor işi, aktyor oyunu stimullaşdırılmalıdır”.

Aktyor yaxın 3-5 il ərzində Azərbaycanda serial bazarının yaranacağı qənaətindədir:

“Bizdə serial bazarı yenidir. Təbii ki, yüksək meyarlardan danışmaq hələ tezdir. Son iki ildə Azərbaycanda çəkilən seriallar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Demirəm, türk serialları ilə kəllə-kəlləyə gələ bilərik, amma bu büdcəyə uyğun tamaşaçı marağı var, baxılır. Yaradıcı heyət də seriallara həvəslə çəkilir”.

“Baxanda, adamın əti tökülür”

Bu da tamaşaçı rəyi…

İxtisasca müəlimə olan Təranə Ağayeva yerli seriallara baxmadığını deyib:

“Bizim seriallara baxanda, adamın əti tökülür. Ssenari çox zəif olur. Azərbaycan reallığına uymur, aktyor oyunu isə sünidir. Aktyorların çoxu özlərini türklərə bənzətməyə çalışır ki, bu da süni alınır. Çox vaxt Azərbaycan reallığı üçün uyğun olmayan səhnələr göstərirlər ki, bu da bayağı təsir bağışlayır. Tamaşaçını inandıra bilmirlər. Amma türk serialına baxanda həmin aktyorlarla birgə ağlayıb-gülə bilirsən. Küçədən keçəni gətirib, rol verəndə belə olacaq da. Çünki pulsuz-parasız çəkilirlər. Peşəkar aktyorları seriallar dəvət etmək lazımdır. Peşəkara da yüksək qonorar vermək lazımdır. İnanmıram ki, Rasim Balayev kimi aktyorun çəkildiyi seriala kimsə baxmasın”.

…Bu peşəkarların fikirləridir. Belə qənaət yaranır ki, həqiqətən də Azərbaycanda serialı biznesə çevirmək üçün hələ çox iş görülməlidir. Keyfiyyətli iş həm də müəyyən büdcə tələb edir. Sərmayə ayırıb, bu işə peşəkarları cəlb etmək lazımdır ki, ortaya sanballı serial çıxarıb, əvvəlcə öz tamaşaçımıza təqdim edək. Dünya bazarı barədə sonra düşünərik.

Cəvahir Səlimqızı

www.yenicag.az

3367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv