!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YATAQXANA PROBLEMİ: "Tələbələr məcburən şəhər kənarında ucuz ev tuturlar" - Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

“Müasir tələblərə cavab verən yataqxanaların tikilməsi vacibdir”.

Bu fikri 28 ildən artıqdır tələbələrin həll olmayan yataqxana problemi və paytaxtda mənzillərin kirayə qiymətlərinin yüksək olmasına münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, kirayə evlərin qiymətinin tələbələrin cibinə uyğun olmadığı hər kəsə məlumdur. Bu vəziyyət tələbələrə çətinliklər yaşatmaqla yanaşı, onların təhsillərini normal səviyyədə davam etdirməsinə də mane olur:

“Mərkəzə yaxın ərazilərdə 1 otaqlı mənzilin kirayə qiyməti 250-300 manatdır. Buna görə də bir otaqda iki tələbə yox məcburən dörd və ya beş tələbə yaşayır. Bu cür sıxlıq isə onların təhsilinə mənfi təsir göstərir. Xüsusən də 2016-cı ildən başlayaraq davam edən pilot layihələr səbəbindən paytaxtdakı əksər köhnə tikili binalar sökülərək yeniləri ilə əvəzlənir və nəticədə ucuz kirayə mənzillər artıq dövriyyədən çıxmış olur. Tələbələr məcburən şəhər kənarında ev kirayə tutsalar da, bu, onlara vaxt itkisi yaşadır.

Ölkəmizdə, xüsusən də paytaxtda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin yüksək olmasının başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələrində tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan var.

Tikintinin maya dəyərinə nəzər salsaq, 1 kv/metr yeni tikili binanın sadəcə tikinti xərci 300-350 manat arası dəyişir. Normal təmirin 1 kv/metrinin dəyəri isə istifadə olunacaq materiallardan asılı olaraq 200-250 manat arası dəyişir. Yəni, 1 kv/metr təmirli mənzilin maya dəyəri təxmini 550-600 manata başa gəlir. Bura torpaq sahəsinin qiyməti və digər xərclər daxil deyil”.

Elnur Fərzəliyev qeyd edib ki, tələbələr üçün yeni hündürmərtəbəli, tam keyfiyyətli və müasir standartlara cavab verən yataqxanaların tikilməsi, şəhərciklərin salınması və minimal qiymətlə icarəyə verilməsi mövcud problemi aradan qaldıracaq:

“Köhnə yataqxana normativlərinə nəzər salsaq, 12 kv/metrlik bir otaqda iki tələbə qalırdı. Bugünkü bazar dəyəri ilə hesablasaq, 12 kv/metrlik təmirli iki tələbəlik bir otaq təxmini 7200 manata başa gəlir. Hər ay tələbə 50 manat ödəməklə, hər otaq üçün 100 manat kirayə pulu ödəmiş olur. Bu isə o deməkdir ki, həmin yataqxanaların tikintisinə yatırılmış sərmayə 6 ilə geri qayıdacaq. Həmin gəlirlə yataqxanaların saxlanılma və işçi xərclərini ödəməklə yanaşı, müəllimlərin maaşlarını da artırmaq olar.

Unutmayaq ki, keçmişin tələbələri ölkəmizin bugünkü ziyalılarıdır. Bugünkü tələbələr də gələcəyimizin ziyalıları, idarəedici şəxsləri və ölkənin yükünü çiyinlərində daşıyan şəxsiyyətlər olacaq”.

Gülşən Şərif

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv