“Qohum evliliyindən dünyaya gələn uşaqların xəstə doğulma ehtimalı ən azı 4-6 faizdir”.
Bu fikirləri Azərbaycanda qohumlar arasında evliliyin yaratdığı riskləri dəyərləndirən fəlsəfə üzrə fəlsəfə doktoru, gender problemləri üzrə beynəlxalq ekspert Kifayət Ağayeva Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda qohumlar arasında evlilik daha çox rayon və kəndlərdə müşahidə edilir:
“Erkən evlilikdə olduğu kimi, yaxın qohum evliliklərinin də neqativ nəticələri çoxdur. Bu tip evliliklərə ən çox şərq mədəniyyətlərində rast gəlinir. Qohum evliliyinin ən qorxulusu birinci nəsil arasında olan evlilikdir və bu da ən çox Pakistanda yayılıb. Həmin ölkədə əhalinin yarıdan çoxu qohum evliliyinə üstünlük verir. Bununla yanaşı, İordaniya, Qətər, Misir və digər şərq ölkələrində də qohum evliliyinə çox rast gəlinir.
Xristian ölkələrində isə belə hallara çox az rast gəlinir. Katoliklər hətta dördüncü nəslə qədər qohumların nikahlarına icazə vermirlər. Adətən, boşanma riski az olsun deyə bəzən zəngin ailələr var-dövlətin yad insanlara qismət olmaması üçün, bəzən də əksinə, ailə çox kasıb olduğundan, öz aralarında toy-nişan xərclərini azaltmaq məqsədilə qohum evliliyinə əl atırlar.
Qohum evliliyindən dünyaya gələn uşaqlarda genetik xəstəliklərə təsadüf olunur. Dünya klinik genetika kitabçasına istinadən verilən məlumata görə, qohum olmayan cütlüklərin dünyaya xəstə uşaq gətirmək ehtimalı 2-3 faiz, qohum evliliyindən doğulan uşaqların xəstə doğulma ehtimalı isə ən azı 4-6 faizdir.
Belə halların baş verməməsi üçün ölkədə ciddi maarifləndirmə aparılmalıdır. Əsasən rayon və kəndlərdə daha çox maarifləndirmə tədbirləri təşkil olunmalıdır. Bunun üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyatı üzrə layihələr həyata keçirən QHT-lər və medianın üzərinə böyük məsuliyyət düşür.
Çox təəssüf ki, bu məsələdə mətbuat elə də aktiv fəaliyyət göstərmir. Azərbaycanda qohum evliliklərinə və erkən nikahlara daha çox paytaxtdan kənarda, bölgələrdə rast gəlinsə də, adını çəkdiyimiz qurumların təşkil etdiyi tədbirlər daha çox Bakıda keçirilir”.
Nuray Məmmədzadə