“Münaqişə bitəndən sonra oradakı insanların həyatlarına necə davam edəcəkləri məlum deyil”.
Bu fikirləri İsrail-HƏMAS toqquşması fonunda Yaxın Şərqdə proseslərin mümkün inkişafını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, “üçüncü güclər” başqa regionlarda olduğu kimi, Yaxın Şərqdə də münaqişənin yekunlaşmasını istəmirlər:
“Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, həmin qüvvələr bu münaqişə ocağını daha da alovlandırmaq istəyirdilər. Onlar bu çərçivədə HƏMAS-ı İsraillə toqquşmaya hazırlayırdılar. Onların hazırlığı, ehtiyatları, silah-sursatı, təminatı, hətta yer altında silah istehsal edə biləcək müəssisələri belə deməyə əsas verir ki, bu hazırlıq çoxdan aparılırdı.
Çünki HƏMAS dövlət deyil ki, deyəsən, bu səviyyədə silahlanmaq üçün yetərli resurslara malik olsun. Deməli, bu işdə ona ciddi dəstək verən qüvvələr olub. Hazırda geosiyasi müstəviyə baxdıqda, müəyyən ölkələrin münaqişə yaratmaqla məşğul olduqlarını görə bilərik. Qafqazda Ermənistan, Avropada Ukrayna, Yaxın Şərqdə Fələstin, Uzaq Şərqdə Tayvan maraqlı qüvvələr üçün vəziyyəti gərginləşdirmək alətidir.
Yaxın Şərqdə gedən proseslər də məhz bunu göstərir. Baxın, HƏMAS İsrailə hücum etdi, ABŞ dərhal bölgəyə öz hərbi gəmilərini göndərdi ki, başqa qüvvə prosesə qoşulmasın. Oradakı vəziyyət o qədər həssasdır ki, ərəb ölkələri bu münaqişəyə mütləq hər hansı formada reaksiya verəcəkdi. ABŞ də bunu önləmək üçün qabaqlayıcı addım atmışdı.
Eyni zamanda, HƏMAS da ərəb ölkələrinin münaqişəyə müdaxilə edəcəklərini gözləyirdi. Ancaq bu baş vermədi. Gördüyümüz qədər, ərəb dövlətləri bu məsələni çox soyuqqanlıqla qarşıladılar. Onlar bilirdilər ki, məqsəd münaqişənin genişləndirilməsi və regiona nəzarət etmək istəyən qüvvələrin əraziyə daxil olmasıdır.
Toqquşmaların baş verdiyi konkret ərazilərin sahəsi çox kiçikdir. İsrail də o kiçik ərazidə hərbi əməliyyat həyata keçirir. İsrail bu əməliyyatların gedişində 60-dan çox itki verib. Hesab edirəm ki, bu, kiçik rəqəm deyil. Bundan əlavə, yaşayış məntəqələrində də ciddi dağıntılar meydana gəlir. Münaqişə bitəndən sonra oradakı insanların həyatlarına necə davam edəcəkləri məlum deyil.
İsrail HƏMAS-ı tamamilə sıradan çıxarmaq niyyətindədir və bu, başadüşüləndir. Çünki terrorla yanaşı yaşamaq çətindir. Bu məsələdə fələstinlilərin də məsuliyyəti az deyil. Onlar bilirdi ki, HƏMAS-ın İsrailə hücumu cavabsız qalmayacaq. İndiki situasiyada deyə bilərəm ki, münaqişəni alovlandırmaq cəhdlərinin qarşısı alınsa, yaxın vaxtlarda toqquşmalar dayandırılacaq. Əks halda, münaqişə xeyli uzanacaq”.
Səxavət Məmməd